MƏDƏNİYYƏT
Mahir Tağızadə: Üzeyir Hacıbəylinin əsərləri və metodları yeni nəsil musiqiçilərin yetişməsində mühüm rol oynayır
Bakı, 20 sentyabr, T.İvanayeva, AZƏRTAC
Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mahir Tağızadə bu yaxınlarda doğum gününü qeyd edib. 2020-ci ildə teatr truppasına qoşulan gənc bariton müxtəlif rollarda parlaq ifaları ilə ictimaiyyətin rəğbətini və məhəbbətini qazanıb. O, müxtəlif opera tamaşalarında mükəmməl vokaldan əlavə, aktyorluq məharətindən də üzvi şəkildə istifadə edir.
XVI Beynəlxalq Üzeyir Hacıbəyli Musiqi Festivalının açılışını bildirən qala-konsert çərçivəsində Mahir Tağızadə ilk dəfə Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində milli musiqi sənətini dünya səviyyəsinə çıxaran dahi şuşalı Üzeyir bəyin tükənməz yaradıcılıq irsini bir daha vurğulayan əsərlərdən birini səsləndirib.
Teatrın solisti AZƏRTAC-a müsahibəsində deyib: “Gənc azərbaycanlı opera ifaçısı kimi, bu il XVI Beynəlxalq Üzeyir Hacıbəyli Musiqi Festivalında iştirak etmək mənim üçün böyük şərəfdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi məni festivalın açılış mərasimində çıxış etməyə dəvət etdi. Ancaq mənim üçün xüsusi şərəf təkcə bu festivalda iştirak etməyim deyil, həm də Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuş, Üzeyir bəyin qələmə aldığı və uzun illər ifa olunmayan kantatanı ifa etmək imkanı oldu. Bu kantatanın mətnini Süleyman Rüstəm yazıb. Kantata bariton, xor və böyük simfonik orkestr üçün nəzərdə tutulub. Üzeyir bəy bu əsərində Nizamini Azərbaycan ədəbiyyatının ən böyük şairi kimi əbədiləşdirib, o, əsrlər keçsə də unudulmayacaq. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimova, həmçinin Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Gülbacı İmanovaya bu əsərin tamaşasının hazırlanmasında böyük töhfələrinə görə dərin minnətdarlığımı bildirirəm”.
Hələ yeniyetməlik dövründə, musiqi məktəbində təhsil alarkən ölkənin bütün musiqi tədbirlərində – Üzeyir Hacıbəyli, Qəbələ, Qara Qarayev adına festivallarda, habelə Beynəlxalq Muğam Festivalında iştirak edən sənətçi böyük təcrübə toplayıb. O, bununla bağlı deyir: “Çox şadam ki, gənc yaşlarımdan bu günədək mənə etimad göstərirlər, dəvət göndərirlər və bu festivallarda təkcə bir dəfə deyil, vaxtaşırı iştirak etməyi təklif edirlər. Hər dəfə səhnəyə çıxanda, çiynimdə olan məsuliyyəti dərk edirəm. Çünki mən Azərbaycanı, onun mədəniyyətini, o cümlədən, sonsuz zənginliyə malik olan musiqimizi təmsil edirəm”.
Üzeyir Hacıbəylinin dahi bəstəkar, müasir peşəkar musiqi sənətinin və milli operanın banisi, musiqişünas, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi mədəniyyət tariximizdə xüsusi yer tutduğunu qeyd edən opera müğənnisi əlavə edib ki, onun yaradıcılığı opera ifaçılarının müasir fəaliyyətlərinə böyük təsir göstərib: “İlk növbədə, təhsil aspektində. Üzeyir Hacıbəyli təkcə milli operanın banisi kimi deyil, həm də klassik vokal və musiqi təhsilinin əsasını qoyan görkəmli şəxsiyyət kimi Azərbaycanın musiqi mədəniyyətində dərin iz buraxıb. 1920-ci illərdə Üzeyir Hacıbəyli Azərbaycanda musiqi təhsilinin və klassik vokal sənətinin inkişafına böyük təsir göstərən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) yaradılmasında fəal rol oynayıb. Bu konservatoriya müasir musiqi təhsili sistemini formalaşdırıb, Azərbaycan musiqiçiləri, bəstəkarları və opera ifaçıları üçün təməl olub. Hacıbəyli Qərb klassik musiqi üslubunu Azərbaycan xalq musiqisi, xüsusilə muğam ilə birləşdirərək yeni musiqi dili yaradıb. Bu sintez gənc musiqiçilərə və vokalçılara milli adət-ənənələri qoruyub saxlamağa, həm də klassik musiqi texnikasına yiyələnməyə imkan verib. Dahi bəstəkarın bu metodu həm yerli, həm də beynəlxalq səviyyədə gənc ifaçıların yetişdirilməsi üçün geniş imkanlar yaradıb”.
Vokalçı sözlərinə davam edib: “İkincisi, Üzeyir Hacıbəyli öz yaradıcılığı ilə vokal sənətinin və operanın inkişafına böyük töhfələr verib. O, gənc ifaçılara klassik operalarda özlərini ifadə etmək, istedadlarını nümayiş etdirmək üçün geniş imkanlar yaradıb. Üzeyir bəyin “Koroğlu” və “Leyli və Məcnun” operaları, həmçinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları həm texniki, həm də emosional baxımdan gənc ifaçılar üçün zəngin repertuar təşkil edir”.
M.Tağızadə müsahibənin sonunda qeyd edib: “Üzeyir Hacıbəyli Azərbaycanda klassik vokalın və musiqi təhsilinin inkişafında əvəzsiz irs qoyub, onun yaradıcılığı və metodları yeni nəsil musiqiçilərin yetişdirilməsində mühüm rol oynamaqda davam edir”.