MAHNI TEATRINDA “POEZİYA GÜNÜ” KİTABININ TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 23-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən nəşr olunmuş “Poeziya günü” kitabının təqdimat mərasimi keçirilmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çağdaş Azərbaycan şairlərinin şeirləri toplanmış bu kitabı hadisə adlandırmışdır. O, son vaxtlar ölkəmizdə gedən iqtisadi, sosial və mədəni yüksəlişi vurğulamış, ölkə Prezidentinin təkcə mədəniyyətlə bağlı 60-dan çox Sərəncam imzaladığını diqqətə çatdırmışdır. Natiq bu Sərəncamların ölkəmizin mənəvi yüksəlişinə, elm, incəsənət və mədəniyyət xadimlərimizin sosial rifah halının yaxşılaşmasına böyük təkan verdiyini söyləmişdir.
Xalq şairi Fikrət Qoca, filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Nizaməddin Şəmsizadə, şairlər Musa Yaqub, Çingiz Əlioğlu bildirmişlər ki, Azərbaycan şeirinin yaşı ana dilimizin özü qədər qədimdir. Xalqın bədii təfəkkürünü formalaşdıran poeziyamız ecazkar söz xəzinəmizdir. Qeyd olunmuşdur ki, istər klassik şeirin, istərsə də çağdaş poeziyanın örnəklərini ehtiva edən toplular hər zaman işıq üzü görmüş, oxucuların rəğbətini qazanmışdır. “Sabir poeziya günləri”, “Gənc qələmlər”, “Yaşıl budaqlar”, “Çinar pöhrələri” almanaxları, şeir antologiyaları, tematik toplular buna əsaslı sübutdur.
Kitabın ərsəyə gəlməsində əməyi olan şair Maarif Soltan Mədəniyyət və Turizm Nazirliyinin və AYB-nin birgə nəşri olan bu kitabda müasir Azərbaycan şairlərinin son dövr yaradıcılığından nümunələr toplandığını bildirmişdir. Keçən əsrin 80-ci illərinin sonlarından bəri demək olar ki, heç bir toplunun nəşr edilmədiyini söyləyən M.Soltan kitabda 114 müəllifin bir-birindən maraqlı şeir nümunələrinin yer aldığını vurğulamışdır. Natiq ildə bir dəfə çap olunacaq toplunun gələcəkdə ildə iki, üç dəfə nəşrinin nəzərdə tutulduğunu söyləmişdir.