“Mançester Yunayted” dünya futbol aləminin ən bahalı futbol brendi oldu
Bakı, 10 iyun, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” (MY) klubu ilk olaraq 1 milyard dollarlıq göstəricini keçib və Münhenin “Bavariya” klubunu qabaqlayaraq futbol aləminin ən bahalı brendi olub. Bu barədə “Brand Finance” konsaltinq kompaniyası məlumat yayıb.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniya klubu artıq iki ildir azarkeşlərini nüfuzlu qələbələrlə sevindirə bilməsə də, “MY” brendinin qiyməti hazırda 1,2 milyard dolları keçib. Halbuki, keçən il o, 739 milyon dollar həcmində qiymətləndirilirdi.
“Brand Finance” klubun bütün dünyadakı fanatlarının sayına, həmçinin ondan asılı olan sərfəli reklam müqavilələrinə əsasən bu nəticəyə gəlib.
“Mançester Yunayted” azarkeşlərinin azalması barədə bu yaxınlarda dərc olunan xəbərləri nəzərə alsaq da o, Hindistan, Cənub-Şərqi Asiya və Çində ümumi sayı 500 milyon nəfəri ötən nəhəng azarkeş legionuna malikdir. Klubun populyarlığının azalması barədə xəbərlər isə çox güman ki, sponsorların “MY”-ya olan münasibətinə heç bir təsir göstərməyib”, - deyə kompaniyanın məlumatında bildirilir.
“Brand Finance” “MY” rəhbərliyi tərəfindən imzalanan həddən artıq sərfəli reklam müqavilələrini xüsusilə qeyd edir. Belə ki, 2012-ci ildə klub futbol maykalarında reklam yerləşdirilməsi üçün Amerikanın “General Motors” avtomobil istehsalçısının “Chevrolet” bölməsi ilə ildə 47 milyon funt sterlinq dəyərində 7 illik müqavilə imzalayıb.
Bundan başqa, “Mançester Yunayted” kluba futbol formalarının tikilməsi üçün keçən il “Adidas”la 750 milyon funt sterlinq (1,1 milyard dollar) həcmində 10 illik müqaviləyə də imza atıb. Əvvəllər “MY” oyunçuları “Nike” istehsalı olan formalar geyinirdilər (bu müqavilənin dəyəri ildə 23,5 milyon funt sterlinq təşkil edirdi).
“Mançester Yunayted” brendinin il ərzində 63 faiz bahalaşmasının səbəblərindən biri də İngiltərə premyer-liqasının bu il televiziya yayımının satışından rekord gəlir - 7,76 milyard dollar əldə etməsidir.
Ən çox artan brend isə il ərzində 89 faiz bahalaşan “Southampton” klubu olub. Bu göstərici sayəsində klub 30-cu yerdən 18-ci yerə qədər yüksəlib.
“Brand Finance” konsaltinq kompaniyasının 2015-ci il üçün hazırladığı top-10-a hazırda altı ingilis klubu daxildir. Top-50-də isə Böyük Britaniya ilə yanaşı, Almaniya, Braziliya, Fransa, İtaliya, İspaniya, Niderland, Portuqaliya və Türkiyə klubları yer alıb.