İDMAN
Marina Durunda İtaliyada birinci yeri, Lalə Yusifova isə Almaniyada üçüncü yeri tutmuşlar
Bakı, 21 oktyabr (AZƏRTAC). Azərbaycanın aparıcı gimnastları Lalə Yusifova və Marina Durunda ötən bazar günü Avropada keçirilən beynəlxalq yarışlarda gözəl nəticə göstərmişlər.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İtaliyanın Desio şəhərində “A1” seriyasından klublararası ənənəvi çempionat start götürmüşdür.
Marina Durundanın çıxış etdiyi “Armonia di Abruttso” klubu (Kyeti şəhəri) daha çox Azərbaycan gimnastının çıxışı sayəsində turunun qalibi olmuşdur. M.Durunda topla hərəkətlərə görə 17,8 bala layiq görülmüşdür. Onun göstəricisi komanda yoldaşları arasında ən yaxşı, çempionatda isə ikinci nəticə sayılmışdır. Cəmi 98,35 bal toplayan “Armonia di Abruttso” klubunun aktivində 25 xal var. Marinanın çıxış etdiyi klub San-Corcio şəhərindən olan “Gimnastika” klubunu 3 xal qabaqlayır. Qeyd edək ki, dünya çempionu Qanna Rizatdinova (Ukrayna) bu klubun heyətində yarışır. Çempionatın ikinci turu noyabrın 2-də Arettso şəhərində keçiriləcəkdir.
Komanda yoldaşından fərqli olaraq Lalə Yusifova cəmi dörd alətlə çıxış etmişdir. O, Berlində Qran-pri yarışlarının yekun mərhələsində gürzlərlə final yarışının bürünc mükafatçısı olmuşdur. Hakimlərdən 17,15 bal alan Lalə rusiyalı gimnastlar Darya Svyatkovskaya və Marqarita Mamundan geri qalmışdır. Qran-pri yarışlarının mütləq qalibi isə M.Mamun olmuşdur. L.Yusifova top və lentlə finallarda 4-cü, halqa ilə finalda, habelə çoxnövçülük yarışlarında 6-cı nəticə göstərmişdir.
Milli komandanın baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, “avropalılar Laləni də, Marinanı da alqışla qarşılamışlar”. Gimnastlar getdikcə daha yaxşı, daha inamla çıxış edirlər. Bir çox mütəxəssislər heyranlıqla gimnastlarımız barədə yaxşı fikirlər söyləyirlər. Məşqçi demişdir ki, L.Yusifova və M.Durunda, habelə yeniyetmə gimnast Jalə Piriyeva elə bu həftə “Neftçi”nin tərkibində Tokioda klublararası dünya çempionatında iştirak edəcəklər.
Bu arada Portuqaliyada akrobatika üzrə yaş qrupları arasında Avropa yarışları başa çatmışdır. Lalə Hüseynova-Xoşqədəm Quliyevadan ibarət cütlük təsnifat yarışlarında 12-ci yeri tutmuşdur. Finala çıxmaq üçün cütlüyün cəmi yarım balı çatışmamışdır. Bu yarışlardan dərhal sonra keçiriləcək gənclər arasında Avropa çempionatında Azərbaycanı Aynur Hüseynova-Nərmin Ramazanova və Elçin Əlibəyov-Emin Gülməmmədli cütlükləri təmsil edəcəklər.