SİYASƏT
Mariya Zaxarova: Hər bir ölkə öz tərəfdaşları ilə hərbi əməkdaşlığı inkişaf etdirmək üçün suveren hüquqa malikdir
Moskva, 15 dekabr, AZƏRTAC
Hər bir ölkə öz tərəfdaşları ilə hərbi əməkdaşlığı inkişaf etdirmək üçün suveren hüquqa malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Moskvada keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilməsi barədə erməni jurnalistin sualını cavablandırarkən bildirib.
Diplomat deyib: “Mən təkcə Azərbaycanda deyil, Rusiya və Azərbaycan ilə qonşu olan digər ölkələrdə də başqa ölkə vətəndaşları olan müşavirləri görürəm. Ermənistanda da belə insanlar var”.
“Hər bir ölkə öz tərəfdaşları ilə hərbi, hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək üçün suveren hüquqa malikdir. Bununla yanaşı, biz buna əsaslanırıq ki, belə əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəldilməməli və Cənubi Qafqazda qüvvələrin tarazlığını pozmamalıdır”, - deyə RF XİN-in təmsilçisi vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva