Marjan Osvald: Bakıda Ümumdünya Poçt İttifaqının Avropa və MDB üzrə yeni Regional İnkişaf Planı hazırlanacaq VİDEO

Bakı, 13 may, AZƏRTAC
Bu gün Bakıda keçirilən və 3 gün davam edəcək Avropa və MDB Poçt Liderlərinin I Forumunda Ümumdünya Poçt İttifaqının (ÜPİ) 2026-2029-cu illərdə bu region üçün Regional İnkişaf Planı müzakirə olunacaq və əsas hədəflər müəyyənləşəcək.
AZƏRTAC verir ki, bu barədə Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun Baş direktor müavini Marjan Osvald Bakıda keçirilən forumda çıxışında deyib.
"Növbəti üç gün ərzində biz qarşılıqlı və ətraflı dialoqlar quracağıq, perspektivli strategiyaları araşdırıb və regionda layihələrimizin, fəaliyyətlərimizin və tədbirlərimizin gələcəyini müəyyən edəcək, 2026-2029-cu illər üçün Avropa və MDB üzrə Regional İnkişaf Planını tərtib edəcəyik. Bu forum ideyaların, əhatə dairəsinin və təcrübənin mübadiləsi üçün əməkdaşlıq platforması kimi nəzərdə tutulub və faydalı təkliflər üçün böyük fürsətlər yaradır”, - deyə Marjan Osvald qeyd edib.
O əlavə edib ki, forum qarşılıqlı əlaqə üçün dinamik platforma rolunu oynayır. Bildirib ki, Avropa və MDB Poçt Liderlərinin I Forumu əlaqələr qurmaq və əməkdaşlıqları genişləndirmək üçün əvəzsizdir. “Mən hər birinizi əsas maraqlı tərəflərin öz xidmət və həllərini nümayiş etdirdiyi sərgi sahəsini ziyarət etməyə dəvət edirəm. Orada iştirak edənlər transformasiya və modernizasiya üçün həlledici əhəmiyyət kəsb edən innovativ məhsullar və təcrübə təklif edən sənaye pionerləridir”, - deyə Marjan Osvald bildirib.