CƏMİYYƏT
Marneulidə vətəndaşlara hüquqi yardım göstərilir
Bakı, 13 sentyabr, AZƏRTAC
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Evi ilə “QANUN” Hüquqi Yardım Mərkəzi arasında imzalanan memoranduma əsasən, vəkil Əli Bədirov, hüquqşünas Levan Tsalukelaşvili hüquqi problemi olan Marneuli və ətraf kəndlərin sakinləri ilə görüşüblər.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Evində keçirilən görüşün dördüncü günündə Gürcüstan, Azərbaycan və Türkiyənin ümumilikdə 10 vətəndaşının müraciətləri dinlənilib. Müraciət edənlərin vətəndaşlıq, müvəqqəti yaşama qeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və digər problemlərinin həlli ilə bağlı lazımi ərizələr yazılıb. Bu ərizələr aidiyyəti dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.
Qeyd edək ki, görüşlər hazırda da davam edir. Soydaşlarımız bu xidmətdən yararlanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərlər: (+995) 599-10-96-90.