MASALLIDA 2008-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətində 2008-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.
Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi tədbirdə icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev hesabat məruzəsi ilə çıxış etmişdir.
Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 14-də Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında ölkəmizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdıran natiq, iqtisadi inkişaf sürətinə görə dünyada ön sırada gedən respublikamızda bütün sahələrdə qazanılmış uğurların həm də sosial sahədə problemlərin aradan qaldırılmasına müsbət təsir göstərdiyini bildirmişdir.
Azərbaycanda son illərdə iqtisadiyyatın dinamik inkişaf etdiyini, ölkəmizin regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrildiyini vurğulayan natiq, qazanılmış uğurların həlledici amilinin ümummilli liderimiz tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilən iqtisadi islahatların olduğunu diqqətə çatdırmışdır.
2008-ci ilin birinci rübündə rayonda da sosial-iqtisadi inkişaf sahəsində bir sıra uğurların qazanıldığını vurğulayan Q.Ağayev, hesabat dövründə rayon üzrə məhsul istehsalının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcminin 5,8 faiz, rabitə xidmətinin 41,7 faiz, adambaşına düşən pul gəlirlərinin 16,2 faiz artdığını, 669 yeni iş yerinin açıldığını bildirmişdir.
Qeyd olunmuşdur ki, bu ilin birinci rübündə rayonda tikinti, abadlıq və quruculuq işlərinin həcmi də xeyli artmışdır. Şəhər əhalisinin içməli suya olan tələbatını təmin etmək məqsədi ilə 50 bulaq istifadəyə verilmiş, Həsənli, Xırmandalı və Sərçuvar kəndlərində elektron tipli yeni ATS-lər quraşdırılmış, şəhid ailələri, Qarabağ və Əfqanıstan müharibələri, Çernobıl əlilləri üçün inşa edilmiş 32 mənzilli yaşayış binası, «Qala bazarı» ticarət mərkəzinin meyvə-tərəvəz satış bölməsi istifadəyə verilmiş, akademik Zərifə Əliyeva adına parkın, «Dəfinə» liseyinin, Təzə Alvadı və Yeddioymaq kəndlərində yeni məktəb binalarının, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi üçün inzibati binanın, Beynəlxalq Bankın Masallı rayon filialı üçün binanın tikintisi davam etdirilmiş, şəhərdə ikinci 9 mərtəbəli yaşayış binasının inşasına başlanmışdır.
Müşavirədə çıxış edənlər cari ilin birinci rübündə əldə olunmuş nailiyyətlərlə yanaşı, işdə yol verilmiş nöqsanları və mövcud problemləri ətraflı təhlil etmiş, onların aradan qaldırılması ilə bağlı təkliflərini bildirmişlər.