Masallıda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış gənclərlə görüş keçirilmişdir

Masallı, 11 sentyabr (AZƏRTAC). Masallı şəhərində bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış gənclərlə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edənlər gəncləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Məlumat verilmişdir ki, bu il rayon üzrə 546 abituriyentdən 262-si tələbə adını qazanmışdır. Onlardan 9 nəfəri 600-dən, 38 nəfəri isə 500-dən yuxarı bal toplamışlar.
Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışan natiqlər yeni məktəblərin müasir avadanlıqla təmin olunduğunu vurğulamışlar. Diqqətə çatdırılmışdır ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq rayonda yeni məktəblərin tikintisi sürətlə davam etdirilir. Son 5 ildə Masallı rayonunda 33 yeni məktəb binası tikilərək istifadəyə verilmiş, 5 təhsil ocağında isə əsaslı təmir işləri aparılmışdır. Hazırda rayonda 10 yeni məktəb binasının tikintisi davam etdirilir. Bunlardan 5-nin yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Tədbirin sonunda tələbə adını qazanmış gənclərə hədiyyələr verilmişdir.