İQTİSADİYYAT
MASALLIDA MİLLİ QƏHRƏMAN ETİBAR HÜSEYNOVUN ADINI DAŞIYAN KÖRPÜ ƏSASLI TƏMİR EDİLMİŞDİR
Masallı, 13 avqust (AZƏRTAC). Masallı rayonunda Viləş çayı üzərində inşa edilmiş, Milli Qəhrəman Etibar Hüseynovun adını daşıyan körpü əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, 1994-cü ildə inşa edilmiş, uzunluğu 150, eni 2 metr olan körpü Masallı şəhərinin yuxarı baş məhəlləsi ilə İsgəndərli məhəlləsini birləşdirir. Bu yoldan hər gün təqribən 5 min nəfər istifadə edir.
1994-cü ildə Masallı rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə körpüyə Milli Qəhraman Etibar Hüseynovun adı verilmişdir.
Qeyd edək ki, Milli Qəhrəman Etibar Hüseynov 1994-cü il yanvar ayının 3- dən 4-ə keçən gecə Martuni istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Qarakənd ətrafında gedən döyüşlərdə qumbara ilə özünü erməni tankının altına atan həmyerlimiz döyüş yoldaşlarını mühasirədən qurtarmışdır.
E.Hüseynov şəhid olduğu gün Prezident Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhramanı adına layıq görülmüşdür.