“Mauthauzen” əsir düşərgəsində həlak olmuş soydaşlarımızın xatirəsi anılıb
Vyana, 7 may, AZƏRTAC
Avstriyanın Yuxarı Avstriya federal əyalətində yerləşən keçmiş “Mauthauzen” əsir düşərgəsində bu düşərgənin alman nasizmindən azad edilməsi və İkinci Dünya müharibəsinin başa çatmasının 73-cü ildönümü münasibətilə mərasim keçirilib.
İkinci Dünya müharibəsi zamanı Avstriyada ən böyük əsir düşərgəsi olmuş “Mauthauzen”in azad edilməsi münasibətilə keçirilən anım tədbirində Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen, kansler Sebastian Kurts, parlamentin sədarəti, nazirlər, dövlət və hökumət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, yerli və xarici qonaqlar, əsir düşərgələrində alman faşistlərinin işgəncələrinə məruz qalmış keçmiş əsirlər iştirak ediblər.
Avstriya Mauthauzen Komitəsinin təşkil etdiyi mərasim bu il “Qaçqınlıq və vətən” mövzusuna həsr olunub. Mərasimdə çıxış edənlər bildiriblər ki, 1933-1945-ci illərdə Hitler Almaniyası və onun müttəfiqlərinin həyata keçirdiyi siyasi, dini, ideoloji və iqtisadi təqiblər nəticəsində milyonlarla insan öz vətənini tərk etmək məcburiyyətində qalıb. Bu zaman həmin dövrədək baş vermiş müharibə və deportasiyalara xas olmayan yeni bir motiv - irqçilik ciddi şəkildə ön plana çıxıb. Artıq 1938-ci ildə ilk məhbusların yerləşdirildiyi Mauthauzen düşərgəsində almanlardan azad edildiyi 5 may 1945-ci ilədək yüz mindən artıq əsir və məhbus həlak olub.
Həmçinin qeyd edilib ki, bu günədək Avropa tarixi qaçqın hərəkatları davam etməkdədir. Keçmiş Yuqoslaviya, İraq, Əfqanıstan və ya Suriyada baş verən müharibələr insanların öz vətənlərini itirməsinə və qaçqın axınlarının güclənməsinə səbəb olub. Avstriya Mauthauzen Komitəsinin rəhbəri Villi Mernyi çıxışında bildirib ki, 80 il bundan əvvəl öz vətənlərini tərk edərək başqa ölkələrə sığınmalı olan insanlar malik olduqları hər şeyi itirdilər. Bu gün də dünyada qaçqın həyatı yaşamağa məcbur olan insanlar çoxdur və ən azından onların ləyaqətinə toxunmamaq üçün cəmiyyət əlindən gələni əsirgəməməlidir.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovun rəhbərlik etdiyi və səfirliyin əməkdaşları, eləcə də bu ölkədə yaşayan soydaşlarımızdan ibarət nümayəndə heyəti mərasimlərdə iştirak edərək, ümumi anım monumenti və azərbaycanlı əsirlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub.
Xatırladaq ki, 2001-ci ildə “Mauthauzen” əsir düşərgəsində, 2011-ci ildə isə “Ebenzee” əsir düşərgəsinin ərazisində Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirən abidələr qoyulub. Rəsmi məlumata görə, müharibə illərində “Mauthauzen”də 81 nəfər azərbaycanlı əsir qətlə yetirilib. Azərbaycan səfirliyinin araşdırmaları nəticəsində “Mauthauzen” və onun tabeliyindəki digər əsir düşərgələrində 300-dək soydaşımızın əsir olduğu müəyyən edilib.
Yaradıldığı 1938-ci ildən İkinci Dünya müharibəsinin sonunadək “Mauthauzen” əsir düşərgəsində müxtəlif Avropa ölkələrindən 200 mindən artıq hərbi əsir işgəncələrə məruz qalıb, onların təxminən yarısı (90 min nəfər) isə alman nasistləri tərəfindən məhv edilib. Avstriya ərazisində ən böyük əsir düşərgəsi olmuş “Mauthauzen”in ona yaxın ətraf ərazilərdə 49 “filialı” fəaliyyət göstərib, onlardan biri olan “Ebenzee”də 27 mindən artıq hərbi əsir yerləşdirilib.
1945-ci ildə ABŞ ordusu tərəfindən azad edilən “Mauthauzen” əsir düşərgəsi 1947-ci ildən tarixi xatirə kompleksi kimi fəaliyyət göstərir. Burada hərbi əsirlərin saxlandığı baraklar, “xəstəxana”, həbsxana, qaz kameraları və krematoriya olduğu kimi saxlanılır və tarixin acı gerçəkliklərinin nümunəsi kimi qorunur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana