CƏMİYYƏT
Mavi Səma üçün Təmiz Hava Günündə Abşeron Milli Parkında maarifləndirici və əyləncəli tədbir keçirilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Hava keyfiyyətinin yaxşılaşdırılması, atmosferə atılan tullantıların azaldılması və cəmiyyətin bu mövzuda maarifləndirilməsi məqsədilə təsis olunan 7 Sentyabr - Mavi Səma üçün Təmiz Hava Günü Abşeron Milli Parkında qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində "Mavi səma, təmiz hava - bizi birləşdirən həllərə doğru" çağırışı ilə qaçış marafonu, veloyürüş, təlimlər, master-klas, viktorina, yoqa, musiqili proqram, rəsm çəkilişi, uşaq guşəsi kimi maraqlı və interaktiv proqramlar təşkil edilib.
Mavi Səma üçün Təmiz Hava Gününün 2019-cu ildən BMT tərəfindən təsis olunduğunu, 2020-ci ildən bütün dünyada, o cümlədən Azərbaycanda qeyd edildiyini xatırladan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib: “Bu günün məqsədi qlobal iqlim dəyişmələrinə ictimaiyyətin diqqətinin artırılması və bu sahədə təşəbbüslərin dəstəklənməsidir. Bu gün münasibətilə keçirilən qaçış yarışında, həm atletlər, həm də əməkdaşlıq etdiyimiz qurumların nümayəndələri iştirak etdilər. Milli parkda təşkil olunan tədbirdə bütün yaş kateqoriyasından iştirakçılar var. Məqsədimiz cəmiyyəti havanın təmiz saxlanılması üçün həmrəyliyə dəvət etməkdir.
Məlumdur ki, bu il Azərbaycanda COP29 tədbiri keçiriləcək. Tədbirə dünyanın 200-dən çox ölkəsindən 60-70 min iştirakçının qatılacağı gözlənilir. Düşünürük ki, həm qlobal istiləşməyə, həm də qlobal iqlim dəyişikliklərinin təsirinin azaldılmasına Bakıda keçiriləcək COP tədbirinin, müzakirə olunacaq məsələlərin və alınacaq qərarların müsbət təsiri olacaq. Bugünkü tədbir də COP çərçivəsində həyata keçirilən tədbirlərdən biridir”.
Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov bugünkü tədbirin əsas məqsədlərindən birinin həm gəncləri, həm də könüllüləri idman, ayrı-ayrı ekoloji aksiyalar vasitəsilə nəinki ölkəmizdə, dünyada olan ekoloji problemlərin həllinə cəlb etmək, ətraf mühitə qarşı dost münasibəti gələcək nəsillərə ötürmək olduğunu deyib: “Bu cür tədbirlər vasitəsilə həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə ekoloji problemlərin həllində gənclərin fəal iştirakına çalışırıq. Gənclərin bu istiqamətdə aktiv iştirakının təmin edilməsi ilə bağlı ölkəmizdə xeyli işlər görülüb. Gənclər Fondu nəinki paytaxtda, həmçinin regionlarda da müxtəlif tədbirlər həyata keçirir. Düşündük ki, Abşeron Milli Parkında da belə bir tədbirin keçirilməsi gənclərimiz və ölkəmiz üçün çox maraqlı olacaq”.
Qeyd edək ki, Mavi Səma üçün Təmiz Hava Günü münasibətilə Abşeron və Şirvan milli parklarında “Açıq qapı” günü keçirilib, ziyarətçilər üçün giriş sərbəst olub.