MAYIN 28-İ VAŞİNQTONDA AZƏRBAYCAN GÜNÜ ELAN EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ paytaxtının meri Adrian Fenti mayın 28-ni Vaşinqtonda Azərbaycan Günü elan etmişdir. Bu qərarı əks etdirən bəyannaməni merin xarici əlaqələr üzrə müavini Stefani Skott Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkil etdiyi bayram ziyafətində səfir Yaşar Əliyevə təqdim etmişdir.
Mer Vaşinqtonda yaşayan Azərbaycan icmasına təbrik göndərmiş və şəhərin bütün sakinlərini Azərbaycanın dövlət bayramını qeyd etməyə çağırmışdır. Adrian Fenti, həmçinin, ölkəmizin Vaşinqtondakı səfirliyinə şəhərin təhsil və mədəni həyatında, o cümlədən Vaşinqtonun orta məktəbləri ilə işləyən himayədarlıq proqramında iştirak etdiyi üşün minnətdarlığını bildirmişdir.
Azərbaycanın milli bayramına həsr edilən təntənəli ziyafət Vaşinqtonun mərkəzində yeni açılmış “Nyuseum”- Xəbər muzeyində təşkil olunmuşdur. Demokratiyanın əsas prinsiplərndən biri olan azad sözə ithaf edilən bu binada Şərqin ilk demokratik cümhuriyyətinin 90 illiyinin qeyd edilməsi rəmzi məna daşıyırdı. ABŞ hökuməti, Konqres, diplomatik korpus təmsilçiləri, eləcə də ölkənin müxtəlif ştatlarından gələn azərbaycan və türk icması nümayəndələrinin qoşulduqları bayram tədbiri Azərbaycan və ABŞ himnlərinin səsləndirilməsi ilə başlamışdır. Qonaqlara Azərbaycanın şad gününə şərik olduqları üçün təşəkkür edən səfir Yaşar Əliyev qeyd etmişdir ki, 28 May bütün Azərbaycan xalqı üçün mühümdür. 90 il əvvəl müsləman dünyasının ilk dünyəvi demokratik dövləti məhz Azərbaycanda qurulmuşdur. Qısa ömrünə baxmayaraq, Cümhuriyyətin azad seçilən parlamenti, bir sıra ölkələrlə diplomatik əlaqələri, silahlı qüvvələri var idi. Nailiyyətlər arasında Bakı Dövlət Universitetinin yaradılması, ABŞ da daxil omaqla, bir çox qərb demokratik dövlətlərindən də əvvəl qadınlara səsvermə hüququnun verilməsi olmuşdur. Bolşevik hücumundan ADR-in müstəqilliyini qoruyarkən 20 min nəfər soydaşımız həlak olmuşdur. Diplomat vurğulamışdır ki, bu gün Azərbaycan yenidən istiqlalını bərpa edib demokratiya, bazar iqtisadiyyatı və beynəlxalq icmaya inteqrasiya prinsiplərinə əsaslanan qüdrətli dövlət qurur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyadakı nüfuzu gündən-günə artır. Bu dəfə müstəqilliyimiz əbədi olacaqdır.
Bayram tədbirində iştirak edən qonaqlar bu günlə əlaqədar fikirlərini bildirmişlər:
Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Metyu Brayza: Bölgə ilə məşğul olanlar düşünürlər ki, Türkiyə burada ilk müsəlman əhalili dünyəvi dövlət qurmuşdur. Lakin, unutmaq lazim deyil ki, Azərbaycan bu yolda birinci olmuşdur. Bu, dərin strateji əhəmiyyət daşıyan faktdır. Təəssüf ki, Vaşinqtonda çoxları buna kifayət qədər fikir verməmişdir. Lakin, biz bunu daim diqqətdə saxlamalıyıq. Milli bayramınız münasibəti ilə Prezident Corc Buş İlham Əliyevə ünvanladığı məktubda ölkələrimiz arasında mövcud səmimi dostluğun əksi kimi təhlükəsizlik, enerji və demokratiya sahəsində möhkəm əməkdaşlığımızdan danışmışdır. Azərbaycan hazırda demokratik təsisatların möhkəmlənməsi uğrunda çalışır. Elə biz də, eyni vəziyyətdə olaraq, ABŞ-da daim belə təsisatların möhkəmlənməsi istiqamətində işləyirik.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin direkotru Adil Bağırov: ABŞ-da yaşayan bütün soydaşlarımız adından Azərbaycan xalqını bu mühüm bayram münasibətilə təbrik edirəm. 90 il əvvəl Azərbaycanın Şərq dünyasında ilk demokratik cümhuriyyət qurmasını artıq Konqresdə də yaxşı bilirlər. Bu günlə bağlı, biz, bir sıra Konqres üzvləri, qubernatorlar, o cümlədən iri şəhərlərin merləri tərəfindən bəyannamələr almışıq. Bu da onun göstəricisidir ki, Azərbaycanın adı və xalqımızın imici yüksəlir. Bizi daha yaxşı bilirlər, tanıyırlar.
“Amerikanın Səsi”nin aparıcısı Dilşad Əliyralı: 90 il əvvəl tək Azərbaycanın müstəqilliyi deyil, həm də qadınlarımıza, hətta ABŞ qadınlarından da əvvəl, səsvermə hüqüqü verilmişdir. Bu faktı, bu gün bir çox amerikalı təəccüblə qarşılayır. Şərq ölkəsində qadının səsvermə hüququna malik olması özü-özlüyündə böyük demokratik göstəricidir. Bir çox qərb ölkəsində bu hüquqa malik olmaq üçün qadınlar uzun mübarizə yolu keçmişlər. Azərbaycan cəmiyyətində isə, qadın həmişə üstün mövqedə olmuşdur. “Dədə Qorqud”da ana haqqının tanrı haqqı olduğu deyilir. İlk cümhuriyyətimiz dövründə qadına bu hüququn verilməsi, tanrının verdiyi hüququn qaytarılması idi.
Amerika Azərbaycan Cəmiyyətinin Vaşinqton təmsilçisi Bədir Məmmədli: Əksər amerikalı həmkarlarım və dostlarım, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və nailiyyətləri barədə eşidəndə çox təəccüblənirlər. Tariximizin bu əhəmiyyətli hissəsi Qərbdə İslam dünyasına qarşı bir çox stereotipləri aradan qaldırır.
Azərbaycan Mədəniyyət Ocağının idarə heyətinin üzvü Həbib Azərsina: Azərbaycanın milli bayrmanın “Nyuseum” kimi möhtəşəm yerdə, Kapitoli ilə Ağ Evin arasında keçirilməsi özü-özlüyündə ölkəmizin bu şəhərdəki nüfuzunu göstərir. Bu, bizi çox sevindirir.