ELM VƏ TƏHSİL
Mayın 31-də və iyunun 1-də geomaqnit qasırğası gözlənilir

Bakı, 30 may, AZƏRTAC
Son üç gün ərzində Günəş aktivliyi artıb, radiosiqnalları əngəlləyən və pozulmasına gətirən çoxlu M sinif, eləcə də radiodalğaların yayılmasına, mobil rabitəyə güclü mane olan X1.4 sinif alışmaları yüksək səviyyədə olub. Günəş səthində digər aktiv oblastlar M sinif alışmalarla aktivliklərini davam etdirib. Mayın 27-də baş verən X alışmaların yaratdığı tac kütlə atılmaları mayın 31-də Yerə çatacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, mayın 29-da baş verən atılma bu təsiri gücləndirəcək və geomaqnit qasırğası iyunun 1-dək davam edəcək. Bu periodda geomaqnit şəraiti göstərən əmsal 10 ballıq sistemlə 6 (G2 səviyəsində) olacaq. Bu hadisə daha çox yüksək coğrafi enliklərə təsir göstərəcək. Qasırğanın mayın 31-i axşam saat 20:00-dan başlayaraq iyunun 1-i saat 14:00-dək davam edəcəyi proqnozlaşdırılır.