MDB HÖKUMƏT BAŞÇILARI ŞURASININ İCLASI MİNSKDƏ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 23-də Minskdə MDB Hökumət Başçıları Şurasının (HBŞ) növbəti iclası keçiriləcəkdir.
HBŞ-nin iclasında 21 məsələyə baxılması nəzərdə tutulur. Ən mühüm məsələlərdən biri - MDB Dövlət Başçıları Şurasının MDB-nin İqtisadi İnkişaf Strategiyası Layihəsinin, Birlik üzvü olan ölkələrin razılaşdırılmış nəqliyyat siyasəti sahəsində təkliflərin və MDB-nin ərzaq təhlükəsizliyinin artırılmasına dair birgə tədbirlər kompleksinin işlənib hazırlanmasına dair 2007-ci il 5 oktyabr və 22 noyabr tarixli tapşırıqlarının yerinə yetirilməsinin gedişi məsələsidir.
İclas iştirakçıları nəqliyyat sahəsində körpü qurğularının istismar etibarlılığının artırılması, MDB-nin beynəlxalq avtomobil yolları şəbəkəsinə qoşulmuş magistral yollarının keyfiyyətinin artırılması, beynəlxalq nəqliyyat dəhlizləri məsələlərini və s. məsələləri müzakirə edəcəklər. Hökumət başçıları MDB ölkələrinin sərhədyanı əməkdaşlığı haqqında Konvensiya layihəsini və Birlik çərçivəsində razılaşdırılmış miqrasiya siyasətinin həyata keçirilməsi tədbirlərini də müzakirə edəcəklər. MDB ölkələrində əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqi statusu haqqında Konvensiyanın layihəsi məsələsi də HBŞ-nin iclasının gündəliyinin layihəsinə daxil edilmişdir.
İclasda həmçinin, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünün bayram edilməsinə hazırlıqla əlaqədar Əsas Tədbirlər Planının layihəsinə də baxılacaqdır.
Bundan əlavə, HBŞ-nin iclasının gündəliyinə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin işinin səmərəsinin artırılması məsələsi də daxil edilmişdir.
İclas iştirakçıları Müstəqil Dövlətlər Birliyində sərgi-yarmarka fəaliyyətinin inkişafı haqqında 1995-ci il 26 may tarixli Sazişə dəyişikliklər edilməsi haqqında Protokolun layihəsini müzakirə edəcəklər.
MDB ölkələrinin baş nazirləri gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələsinə, o cümlədən maliyyə xarakterli məsələlərə də baxacaqlar. Birliyin Hökumət Başçıları Şurasında sədrlik məsələsi də müzakirə ediləcəkdir. Ukraynanın MDB Hökumət Başçıları Şurasında sədrlik müddətinin başa çatması ilə əlaqədar olaraq, bu funksiya Belarus Respublikasına keçməlidir. Belarus Respublikası bu dövlətin Baş nazirinin şəxsində MDB Hökumət Başçıları Şurasında növbəti müddət üçün sədr kimi təsdiq ediləcəyi halda Ukraynanın və Gürcüstanın baş nazirləri həmsədr olacaqlar.