SİYASƏT
MDB-nin özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı gələn il Bakıda keçiriləcəkdir
Bakı, 1 oktyabr (AZƏRTAC). Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı gələn il Bakıda keçiriləcəkdir.
Bu barədə qərar qurumun Ukraynanın Odessa şəhərində keçirilmiş illik toplantısında qəbul edilmişdir. Qərara əsasən, şəbəkəyə sədrlik ölkəmizə keçmişdir və qurumda təmsil olunan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qarşıdakı bir il müddətində şəbəkəyə sədrlik edəcəkdir.
Azərbaycan Mətbuat Şurasından AZƏRTAC-a bildirmişlər ki, illik toplantıda şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilmişdir. Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məruzə etmişdir. Həmçinin özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması məsələləri müzakirə olunmuşdur.
Bakı toplantısının gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrdə internet media resurslarının sürətlə artdığı bir şəraitdə onların ictimai tənzimlənməsi zamanı fərqli metodlardan istifadənin zəruriliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, sahəni daha dərindən tədqiq etməyə, söz və ifadə azadlığına təhlükə yarada biləcək mümkün manipulyasiya vasitələrinin, o cümlədən plagiat hallarının aradan qaldırılması istiqamətində konkret tədbirlərə ehtiyac vardır. Buna görə də Bakı toplantısında şəbəkəyə üzv hər bir qurumun məsələ ilə əlaqədar ayrıca proqram hazırlaması zəruridir.
Toplantıda şəbəkənin məsul katibi kimi Mətbuat Şurasının idarə heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli təsdiqlənmişdir.