MDB-NİN ÜZVÜ OLAN DÖVLƏTLƏRİN DƏMİR YOL NƏQLİYYATI ŞURASININ 33-CÜ İCLASI BAŞA ÇATMIŞDIR
MDB-nin üzvü olan dövlətlərin Dəmir Yol Nəqliyyatı Şurasının 33-cü iclası oktyabrın 23-də işini davam etdirmişdir.
İclas iştirakçıları “Fəxri dəmiryolçu” nişanını ilə təltif haqqında Əsasnaməyə, MDB dövlətlərinin və Baltikyanı ölkələrin dəmir yol nəqliyyatı işçilərinə verilən güzəştlər haqqında sazişə dəyişikliklər etdilər. Dəmir yol idarələrinin səhiyyə sahəsində qarşılıqlı fəaliyyətinə dair Komissiyanın sədri haqqında, şuranın dəmir yol nəqılyyatı işçilərinə ölkələrarası dəmir yoluna xidməti biletlər və şəxsi ehtiyaclar üçün biletlər verilməsi qaydalarını müəyyənləşdirən qərarlarının qüvvədə olması müddətinin uzadılması haqqında məsələlər də nəzərdən keçirildi.
Birlik dövlətləri yol idarələrinin nümayəndələri çıxışlarında vurğuladılar ki, Dəmir Yol Nəqliyyatı Şurası, habelə digər beynəlxalq nəqliyyat təşkilatları çərçivəsində ardıcıl surətdə inkişaf edən əməkdaşlıq dəmir yollarının fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün əsas ola bilər. Onlar yükdaşımalar sahəsində əldə edilmiş uğurlarla yanaşı, sərnişin daşımaları, sərnişin qatarlarının təhlükəsizliyinin təmin olunması sahəsindəki nöqsanları da nəzərə çarpdırdılar.
Axırda Şuranın növbəti, 34-cü iclasının gündəliyi müzakirə edildi. Şuranın sədri, Rusiyanın yollar naziri Gennadi Fadeyev ikigünlük iclasın işini səmərəli adlandırdı və əlverişli şərait yaradıldığına, qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirdi. O dedi ki, Birlik dövlətlərinin dəmir yolları ilə yükdaşımalarının daim artması qatarların aramsız hərəkətinin təmin edilməsi, əlaqədar sahələrin sahmanlı işi, nəqliyyat xidmətinin keyfiyyətinin yüksəldilməsi, yüklərin və nəqliyyat vasitələrinin salamatlığına təminat verilməsi, daşımaların keyfiyyətli informasiya müşayəti, tarif dərəcələrinin məqbul şərtləri və qatarların hərəkət cədvəlinə sabit şəkildə riayət olunması ilə bağlı dəmir yol idarələrinin üzərinə yüksək məsuliyyət qoyur.