SİYASƏT
MDB ÖLKƏLƏRİ DAXİLİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ 23-CÜ İCLASININ YEKUNLARINA HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI
Sentyabrın 7-də MDB iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) 23-cü iclası öz işini başa çatdırmışdır.
İclas iştirakçıları iki günlük işin yekunlarına dair mətbuat konfransı keçirmişlər. Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov iclasda qəbul edilmiş qərarlar barədə mətbuat nümayəndələrinə məlumat verdi. O bildirdi ki, gündəlikdəki bütün məsələlərin müzakirəsi zamanı MDB-nin 11 ölkəsinin nümayəndə heyətlərinin başçıları tam qarşılıqlı anlaşmaya nail oldular. Mütəşəkkil transmilli cinayətkarlıqla mübarizədə öncül istiqamətlərlə yanaşı, DİNŞ-in fəaliyyəti ilə bağlı təşkilati məsələlər də nəzərdən keçirildi. 2003-2004-cü illərdə cinayətkarlıqla mübarizəyə dair dövlətlərarası birgə tədbirlər proqramının layihəsi və narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinin qarşısının alınmasında MDB-nin üzvü olan ölkələrin Əməkdaşlıq Konsepsiyası da təsdiq olundu.
Rusiyanın daxili işlər naziri Boris Qrızlov jurnalistlərin suallarına cavab verərək dedi ki, iclasda terrorizmlə mübarizədə MDB ölkələri qanunvericiliyinin uyğunlaşdırılması məsələsi də müzakirə edildi ki, bu da hüquq mühafizə orqanlarının əməkdaşlığını xeyli asanlaşdıracaqdır. Bundan əlavə, əməkdaşların ixtisasını artırmaq məqsədi ilə Moskvadakı Beynəlxalq İdarələrarası Mərkəzdə DİN və gömrük komitələri xətti ilə bütün Birlik ölkələri nümayəndələrinin müşavirəsini keçirmək nəzərdə tutulmuşdur. O bildirdi ki, Birlik ölkələrinin daxili işlər nazirləri müvafiq qurumların xüsusi avadanlıq və texnika ilə təchiz edilməsi məsələsində ümumi fikrə gəldilər. Narkotik vasitələrlə bağlı cinayətlərlə mübarizənin nəticələri haqqında vahid məlumat bankı yaratmaq da nəzərdə tutulur.
Daxili işlər nazirləri vurğuladılar ki, DİNŞ-in 23-cü iclasında beynəlxalq terrorizmlə mübarizədə Birliyin hüquq mühafizə orqanlarının əməkdaşlığına xüsusi diqqət yetirilmişdir. DİNŞ-in müvafiq qurumları Birlik əleyhinə yönəlmiş hər hansı terrorçuluq aktlarının qarşısının alınmasında səylərini əlaqələndirəcəklər.