SİYASƏT
MDB ölkələrinin Moskvada akkreditə olunmuş səfirləri Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri ilə miqrasiya sahəsində problemləri müzakirə etmişlər
Moskva, 20 noyabr (AZƏRTAC). Moskvada MDB ölkələrinin Rusiyada akkreditə olunmuş səfirlərinin duayeni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski ilə növbəti görüş keçirilmişdir.
Görüşdə stats katib - xarici işlər nazirinin müavini Qriqori Karasin, Rusiya FTX Sərhəd Xidməti rəisinin müavini Vladimir Moçalov, Xarici İşlər Nazirliyi və Federal Miqrasiya Xidmətinin müvafiq bölmələrinin rəhbərləri iştirak etmişlər.
Görüşü Qriqori Karasin açaraq Rusiyada miqrasiya ilə bağlı vəziyyətin kəskinləşdiyi bir dövrdə bu cür tədbirlərin əhəmiyyətini vurğulamışdır.
Rusiya FMX-nin rəhbəri K.Romodanovski çıxışında Rusiya miqrasiya qanunvericiliyində həyata keçirilən yeniliklərdən, o cümlədən ölkənin qanunvericiliyinin pozulmasına görə cərimələrin məbləğinin fiziki şəxslər üçün 5-7 min rubladək, hüquqi şəxslər üçün isə 1 milyon rubladək artırılmasından, təkrar qanun pozuntularına görə cinayət məsuliyyətinin nəzərdə tutulmasından, cərimə və ölkədən çıxarılma cəzalarının eyni vaxtda tətbiq edilməsindən danışmışdır. Xüsusi vurğulanmışdır ki, Rusiyada əcnəbi vətəndaşların uçota alınmasının avtomatlaşdırılmış sisteminin tətbiqi ilə ölkədə olma və qeydiyyat qaydalarını pozan miqrantlarla bağlı vəziyyət dəyişmişdir.
FMX-nin rəhbəri demişdir ki, miqrasiya məsələləri əhalinin ən geniş təbəqələrinin maraqlarına toxunur, miqrantlarla bağlı hadisələri əksər hallarda qərəzli şəkildə işıqlandıran KİV-lərin üzərinə xüsusi məsuliyyət qoyur.
Rusiya FTX-nin Sərhəd Xidməti rəisinin müavini V.Moçalov MDB dövlətlərinin vətəndaşlarının Rusiya sərhədini keçməsinə dair statistik məlumatları təqdim etmişdir. Onun sözlərinə görə, bu ilin 10 ayı ərzində Rusiyaya gələn Azərbaycan vətəndaşları MDB vətəndaşlarının ümumi sayının 6 faizini təşkil etmişdir. Bu, Rusiyaya gələn Azərbaycan vətəndaşlarının sayının azalmasından xəbər verir. Həmin dövr ərzində 3909 Azərbaycan vətəndaşının Rusiya ərazisinə daxil olmasına icazə verilməmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu görüşün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək təkcə Azərbaycanın deyil, həm də MDB ölkələrinin vətəndaşlarını narahat edən bir sıra məsələlərə toxunmuşdur. O bildirmişdir ki, hələ 2006-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Rusiya ərazisində olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli üzrə Dövlət Komissiyası yaradılmışdır. P.Bülbüloğlu Rusiyadan olan həmkarlarla bu istiqamətdə uğurlu iş aparıldığını diqqətə çatdırmışdır. Səfir, həmçinin Rusiyada miqrasiya sahəsində islahatların indiki mərhələsində qarşılıqlı fəaliyyətin olmamasından danışmış, MDB ölkələrindən olan miqrantların, o cümlədən Azərbaycan vətəndaşlarının Rusiyadan kütləvi şəkildə çıxarıldığını vurğulamışdır. Səfir 2007-ci ildə yaradılmış Azərbaycan Miqrasiya Xidmətinin fəaliyyəti, ölkəmizdə əmək miqrasiyası sahəsində qazanılan nailiyyətlər və problemlər barədə məlumat vermiş, 2013-cü ilin iyulunda təsdiq olunmuş Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin rus dilinə tərcüməsini görüş iştirakçılarına təqdim etmişdir.
Polad Bülbüloğlu xüsusi vurğulamışdır ki, Rusiya, o cümlədən Moskva, Sankt-Peterburq və Yekaterinburq hava limanlarında səbəbi aydınlaşdırılmadan Rusiya ərazisinə gəlmələrinə icazə verilməyən Azərbaycan vətəndaşlarından çoxlu sayda şikayət daxil olmuşdur. Nəticədə belə bir vəziyyət yaranmışdır ki, vətəndaşlar gəldikləri hava limanında fakt qarşısında qoyulur və oradan vətənə qaytarılırlar. Müxtəlif kateqoriyalardan olan belə vətəndaşlar arasında Rusiya ali məktəblərinin tələbələri, bəzən şagirdlər, tranzit marşrutlarla digər ölkələrə səfər edən sərnişinlər vardır. Səfir qeyd etmişdir ki, ailə üzvlərindən birinin və ya bir neçəsinin Rusiyadan çıxarılması, hətta Rusiya XİN-də rəsmi akkreditasiyası olan Azərbaycan səfirliyi əməkdaşlarının Rusiya ərazisinə daxil olmasına icazə verilməməsi halları kimi faktlar da məlumdur.
Öz ərazisinə istənilən şəxsi buraxıb-buraxmamağın Rusiya Federasiyasının qanuni hüququ olduğunu vurğulayan Polad Bülbüloğlu, həmçinin diqqətə çatdırmışdır ki, Rusiyada əcnəbilərin ölkəyə daxil olmasına qadağa qoyulması barədə sərbəst qərar qəbul etmək hüququ olan 11 idarə vardır. Səfir ölkə ərazisinə daxil olmasına qadağa qoyulan vətəndaşlarla bağlı informasiya mübadiləsi məsələsinin müzakirə olunmasını təklif etmişdir. Polad Bülbüloğlu Azərbaycan Miqrasiya Xidməti əməkdaşlarının yaxın vaxtlarda rusiyalı həmkarları ilə görüşməyə və informasiya mübadiləsi mexanizminin yaradılması məsələlərini müzakirə etməyə hazır olduqlarını demişdir.
Görüşdə Özbəkistan, Moldova, Ukrayna, Qırğızıstan səfirləri çıxış edərək Azərbaycan diplomatının fikirləri ilə tam razı olduqlarını söyləmiş, habelə Rusiya FMX-nin əməkdaşlarının diqqətini həmvətənlərinin problemlərinə cəlb etmişlər.
Rusiya FMX-nin rəhbəri K.Romodanovski faydalı fikir mübadiləsinə görə diplomatik korpusun nümayəndələrinə təşəkkürünü bildirmiş, Rusiya tərəfinin miqrasiya sahəsində problemlərin həllinə hazır olduğunu demişdir. FMX-nin rəhbəri görüş iştirakçılarına müraciət edərək Rusiya miqrasiya qanunvericiliyində həyata keçirilən dəyişikliklər barədə öz ölkələrinin vətəndaşlarına məlumat vermələrini xahiş etmişdir. K.Romodanovski, həmçinin ölkəyə daxil olmalarına qadağa qoyulan vətəndaşlarla bağlı informasiya mübadiləsi sahəsində əməkdaşlığa dair saziş layihəsini müzakirə etmək üçün bu il dekabrın əvvəllərində azərbaycanlı həmkarları ilə görüşməyə hazır olduğu söyləmişdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva