MDB PA DİMBİ-nin müşahidə missiyasının nümayəndələri 36 saylı dördüncü Xətai seçki dairəsindəki seçki məntəqələrində olublar


Bakı, 9 aprel, Əziz Məmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan MDB Parlamentlərarası Assambleyasının demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (MDB PA DİMBİ) beynəlxalq müşahidə missiyasının nümayəndələri aprelin 9-da 36 saylı dördüncü Xətai seçki dairəsindəki bir neçə seçki məntəqəsində olublar.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Tahir Süleymanov beynəlxalq müşahidə missiyasının nümayəndələrinə 36 saylı dördüncü Xətai seçki dairəsi haqqında məlumat verib. Bildirib ki, bu dairənin əhatə etdiyi ərazidə fəaliyyət göstərən 36 daimi seçki məntəqəsində 44 265 seçici qeydiyyatdadır. Məntəqələr bütün zəruri avadanlıqla təmin edilib. Onların 10-da veb-kameralar quraşdırılıb. Vətəndaşların sərbəst şəkildə səs verməsi üçün məntəqələr tam hazır vəziyyətə gətirilib. Diqqətə çatdırılıb ki, aşağı komissiyaların üzvlərinin maarifləndirilməsi məqsədilə seçki hüququna dair ixtisaslaşdırılmış kurslar təşkil edilib.
MDB PA DİMBİ-nin müşahidə missiyasının nümayəndəsi, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı, “Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatının Dağıstan Regional Şöbəsinin sədri Zaur Askenderov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Biz bir neçə seçki məntəqəsinə baş çəkdik. Ümumilikdə, hər şey ölkənin seçki qanunvericiliyinin tələblərinə cavab verir. Seçki məntəqələrinin vəziyyəti və təchizatı da bizi qane etdi. Məhdud sağlamlıq imkanları olan insanlar üçün səyyar seçki qutuları nəzərdə tutulur. Tam olaraq, bütün seçki məntəqələri lazımi səviyyədədir. Azərbaycan xalqına tərəqqi və sülh arzulayıram”.
MDB PA DİMBİ-nin müşahidə missiyasının nümayəndəsi, MDB İcraiyyə Komitəsinin əməkdaşı Marina Afonina qeyd edib ki, müşahidə missiyasının tərkibində 221 nəfər akkreditə olunub. Nümayəndələrin 20-si uzunmüddətli əsasda işləyir. M.Afonina əlavə edib: “Dünəndən başlayaraq, qısamüddətli əsasda işləyəcək nümayəndələr gəlməyə başlayıblar. Onlar Azərbaycanın bütün şəhərlərində seçkilərin keçirilməsi prosesini müşahidə edəcəklər. Seçki kampaniyası azad və sakit şəraitdə keçirilir və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə tam uyğundur”.