REGİONLAR
Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində Ağcabədidə görüş keçirilib
Ağcabədi, 20 oktyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin kommunikasiya menecerinin fəaliyyətini təmin etmək məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib. Görüşdə, həmçinin regional idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin kommunikasiya fəaliyyəti üzrə əlaqələndirici məsul şəxsləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən görüşdə çıxış edən idarənin kommunikasiya meneceri İlkin Mamedov Mədəniyyət Nazirliyinin "Kommunikasiya meneceri" layihəsi barədə iştirakçıları məlumatlandırıb. O, layihənin nazirliyin sistemində həyata keçirilən kompleks islahatların tərkib hissəsi olduğunu, media və mətbuat, eləcə də kommunikasiya sahəsində nazirliyin strukturuna daxil olan qurumlar, tabe müəssisə və təşkilatlarının effektiv şəkildə kommunikasiya fəaliyyətinin həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə reallaşdırıldığını vurğulayıb.
İclasda Ağcabədi Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri İlkin Mamedov və kommunikasiya menecerinin işçi qrupunun üzvləri layihə çərçivəsində görülməsi planlaşdırılan işləri müzakirə ediblər.
Görüşdə, həmçinin regionun mədəniyyət və tarixinin təbliğinə yönəlmiş tədbirlərin həyata keçirilməsindən bəhs edilib, regionun musiqi, xüsusilə də muğam sənətində, ümumilikdə mədəniyyətimizin payında olan önəmi vurğulanıb və gələcək fəaliyyətdə bu istiqamətdə təbliğat işlərinin həyata keçirilməsi üçün görüləcək işlərə dair təkliflər səsləndirilib.
İclasda ənənəvi media və sosial media ilə iş prosesində qarşıya çıxan çətinliklər və onların həlli yolları, eləcə də gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.