MƏDƏNİYYƏTLƏRİN VƏ SİVİLİZASİYALARIN DİALOQU
SANKT-PETERBURQDA BEYNƏLXALQ LİXAÇOV QİRAƏTLƏRİ
Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, mayın 22-də Sankt-Peterburqun Humanitar Universitetində “Qlobal dünyada mədəniyyətlərin və sivilizasiyaların dialoqu” VIII Beynəlxalq Lixaçov elmi qiraətlərinin təntənəli açılışı olmuşdur.
Beynəlxalq Lixaçov elmi qiraətləri humanitar sahə üzrə mütəxəssislərin dünya səviyyəli forumdur. Qiraətlərin əsas mövzuları çoxmədəniyyətli dünyada mədəniyyətlərin dialoqu və sivilizasiyaların tərəfdaşlığı, şəxsiyyət və cəmiyyət, Avropa mentaliteti, qloballaşma, mədəniyyətlərin və dinlərin müxtəlifliyidir.
Məlum olduğu kimi, ilk dəfə 1993-cü ilin may ayında təşkil olunan qiraətlərin keçirilməsinin təşəbbüskarı akademik Dmitri Sergeyeviç Lixaçov olmuşdur. O, XX əsrdə Rusiya mənəviyyatının rəmzlərindən birinə çevrilmişdir. O vaxtdan Rusiya intellektual və elmi elitasının bu mötəbər forumu ənənəvi olaraq keçirilir. 2001-ci ildə Rusiyanın keçmiş Prezidenti Vladimir Putinin “D.S.Lixaçovun xatirəsinin əbədiləşdirilməsi haqqında” fərmanına uyğun olaraq qiraətlər hər il təşkil olunur.
Bu il forumda iştirak etmək üçün Rusiyanın şimal paytaxtına dünyanın 40 ölkəsindən, o cümlədən ABŞ, Almaniya, İngiltərə, Fransa, Portuqaliya, Şərqi Avropa ölkələrindən 300-dən çox qonaq, eləcə də Rusiya Federasiyasının 70 regionundan nümayəndələr gəlmişdilər. Tədbirdə Azərbaycanı ölkəmizin Rusiyadakı səfiri Polad Bülbülöğlu təmsil edirdi.
Qiraətləri giriş sözü ilə təşkilat komitəsinin sədri, Sankt-Peterburq Humanitat Universitetinin rektoru Aleksandr Zapesotski açaraq, diqqəti mədəniyyətlərin dialoqunun davam etdirilməsinin və elmi ziyalıların humanitar məsələləri müzakirə etməsinin vacibliyinə cəlb etmişdir.
İlk geniş iclasda Dövlət Ermitajının direktoru, REA-nın müxbir üzvü M.Piotrovski, Portuqaliyanın keçmiş prezidenti Sampayu Jorje, görkəmli kinorejissor Eldar Ryazanov və elitanın digər nümayəndələri məruzələr etmişlər.
Səfir Polad Bülbüloğlu “Müasir Azərbaycan cəmiyyəti çoxmədəniyyətli fenomen kimi” mövzusunda məruzə etmişdir.
Mayın 23-də forum işini davam etdirəcək.