Bu ilin birinci yarısında hərbi qulluqçularımız 14 beynəlxalq təlimdə iştirak ediblər







Bakı, 23 iyun, AZƏRTAC
Müdafiə Nazirliyinin (MN) təşkilatçılığı ilə Azərbaycan Hərb Tarixi Muzeyində hərbi qulluqçuların, bir sıra media və qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştirak etdiyi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin 107 il ərzində keçdiyi döyüş yolundan bəhs edən MN-in Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - Mətbuat katibi polkovnik Anar Eyvazov Ordumuzun öz tarixini son illərdə Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi, lokal antiterror tədbirləri kimi uğurlu hərbi əməliyyatlarla zənginləşdirdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Ordusunun döyüş yolunun zirvəsi olan Qarabağ Zəfərindən sonra da ordu quruculuğu sahəsində islahatlar və hərbi qulluqçuların döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönələn tədbirlər davam etdirilir.
2025-ci ilin birinci yarısında MN-də görülən işlər barədə ümumi hesabat məlumatlarını təqdim edən polkovnik deyib: “Bu ilin birinci yarısında Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlığının artırılması, döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə plana uyğun təlim və məşq toplanışları keçirilib. Təlimlərə cəlb edilən hərbi qulluqçular öz funksional vəzifələrinin faktiki icrasında təcrübə qazanır, bilik və bacarıqlarını təkmilləşdirirlər. Hesabat dövründə Azərbaycan və müxtəlif dövlətlərin iştirakı ilə ümumilikdə 14 birgə beynəlxalq təlim keçirilib. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan 4 min 600-dən çox hərbi vəzifəli təlim toplanışlarına cəlb edilib. Bununla yanaşı, ilin birinci yarısı ərzində peşəkar kadr heyətinin təkmilləşdirilməsi, müxtəlif sahələrdə mütəxəssislərin ixtisas hazırlığının artırılması, müasir texnoloji yeniliklərin öyrənilməsi, eyni zamanda, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə aidiyyəti şəxsi heyət ölkə daxilində və xaricində təşkil olunmuş beynəlxalq təlim, seminar, konfrans və kurslara cəlb edilib. Ordu quruculuğu istiqamətində aparılan islahatlar fonunda ilin birinci yarısında hərbi təhsil sahəsində müasir texnologiya və yeniliklərin tətbiqi ilə bağlı da bir çox uğurlu işlər görülüb”.
Daha sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq olunmuş nazirliyin Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq cari ilin birinci yarımilində icra edilmiş müvafiq fəaliyyətlər diqqətə çatdırılıb. Ordu quruculuğunda aparılan islahatların tərkib hissəsi kimi strateji kommunikasiya sahəsinin də dövrün tələbləri və müasir yeniliklər çərçivəsində inkişaf etdirildiyi qeyd olunub: “Nazirliyin rəsmi veb-saytında 300-dən çox məlumat, keçirilən tədbirlərlə bağlı 1500-dən çox foto və 130-dan çox video yerləşdirilib. Nazirliyə media nümayəndələrindən daxil olan sorğular cavablandırılıb. Müvafiq dövrdə mediadan çəkilişlə bağlı daxil olan 130-dan çox müraciət araşdırılıb və çəkilişlərin təşkil edilməsi üçün zəruri dəstək göstərilib, həmçinin xüsusi təyinatlı ali təhsil müəssisələrinə 2 mediatur təşkil olunub”.
Daha sonra tədbir iştirakçılarına “Dövlət qurumları və QHT-lərlə iş”, “Media məkanında dövlət sirrinin mühafizəsi”, “Vətəndaşların müraciətləri ilə iş” və digər mövzularda ətraflı məlumat verilib. Tədbirdə, həmçinin Azərbaycan Ordusunda hərbi təhsil sahəsində görülən işlərdən, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri və qəbul qaydalarından danışılıb.
Sonda ətraflı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.
Tədbir zamanı, həmçinin Azərbaycan Ordusunun ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda gedən döyüşlərdə əldə etdiyi tarixi Qələbədən bəhs olunan videoçarx nümayiş etdirilib.