SİYASƏT
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi Moskvada qeyd olunmuşdur
Moskva, 1 fevral (AZƏRTAC). Yanvarın 31-də Moskvadakı “Prezident” oteldə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə gecə keçirilmişdir. Foyedə M.Ə.Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən nəşrlərdən, o cümlədən “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” kitabından ibarət sərgi təşkil edilmişdir.
Ümumrusiya Azərbaycanlıları Konqresi, Məhəmməd Əmin Rəsulzadə Məclisi və “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin təşkil etdiyi gecə Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı”nın oxunması ilə başlanmışdır.
Gecədə çıxış edənlər M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən, elmi və publisistik əsərlərinin əhəmiyyətindən danışmış, 130 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı verdiyi Sərəncama görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Moskvadakı “Dərviş” teatrının aktyorlarının ifasında M.Ə.Rəsulzadənin 1936-cı il yanvarın 17-də Parisdə oxuduğu məruzənin mətni, Stalinə məktubundan parçalar səslənmiş, ictimai-siyasi fəaliyyətindən, mühacirət illərindən bəhs edən film nümayiş etdirilmişdir.
Tədbirdə yubiley gecəsinin təşkilində fəal iştirak edən ÜAK-ın icraçı direktoru İlqar Hacıyevə, M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqubluya, “Şəhriyar” Cəmiyyətinin sədri Vasif Məmmədova, “Dərviş” teatrının bədii rəhbəri Mərdan Feyzullayevə Məhəmməd Əmin Rəsulzadə Məclisinin təsis etdiyi medal təqdim olunmuşdur. Məhəmməd Əmin Rəsulzadə Məclisinin sədri Füzuli Fərəcov, tanınmış diplomat və publisist Ramiz Abutalıbov və başqaları yubilyarın irsinin tədqiqinə töhfəyə görə ÜAK-ın fəxri fərmanlarına layiq görülmüşlər.
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşlarının, ÜAK-ın və digər Azərbaycan diaspor təşkilatlarının, Rusiya ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri yubiley gecəsində “Dərviş” teatrının aktyorlarının ifasında “Arşın mal alan” operettasından səhnələr təqdim olunmuş, Əməkdar Artist, tarzən Qorxmaz Axundovun və başqalarının ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva