Məhəmməd İqbalın “Şərqdən xəbər” əsərinə həsr edilmiş seminar
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd İqbalın “Şərqdən xəbər” (Peyam-i-Maşrik) əsərinə həsr edilmiş seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən şöbə müdiri, professor Bədirxan Əhmədli Pakistan ədəbiyyatının Asiya ölkələrinin ədəbi mühitində mühüm yer tutduğunu söyləyib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyeva “Şərqdən xəbər” əsərinin ideya-bədii cəhətləri, onun filosof şairin yaradıcılığında özünəməxsus yer tutması haqqında məlumat verib. Qeyd edib ki, insanın mənəvi təkamülündə, kamilləşməsində eşqin rolunu yüksək dəyərləndirən Məhəmməd İqbal bir çox əsərlərində olduğu kimi, “Şərqdən xəbər” mənzuməsində də Mövlana Cəlaləddin Ruminin təsəvvüf fəlsəfəsindən bəhrələnib. O, fars dilində yazdığı “Şərqdən xəbər” əsərini 1923-cü ildə nəşr etdirib. Kitab Hötenin “Şərq-Qərb divanı”na cavab olaraq yazılıb. Məhəmməd İqbal Əfqanıstana ilk səfəri zamanı kitabı ingilis imperiyasına qarşı mübarizə aparan Kral Emanullah Xana təqdim edib.
İslam dini və təsəvvüf təliminə əsaslanan Məhəmməd İqbal yeri gəldikcə Qərb fəlsəfəsi, xüsusilə də pozitivizmini tənqid edib. Ədib insanın ilahi varlığının dərki, eşq ilə yaradılış sirlərinin açılması kimi fəlsəfi məsələlərə diqqət yetirib. O, Hötenin məlum əsərinə öz münasibətini bildirib, Qərb şairi qismində alman ədibi və Şərq şairi simasında özünü müqayisə edib, ümumi və fərqli cəhətlərə diqqət yetirib.
Müsəlman ölkələrinin siyasi müstəqilliyinin mövcud olmadığını əsas problem hesab edən Məhəmməd İqbal digər mühüm bir məsələni - Şərqin inkişafına mane olan cəhəti elm və maarifin böhranında görüb. Şərq və Qərb arasındakı fərqli cəhətləri şair bu məqamda da təsvir edib. Məhəmməd İqbal alman ədibini yüksək qiymətləndirib, onun dünya ədəbiyyatı və fəlsəfi fikrindəki yüksək mövqeyini göstərib.