MƏHLUQƏ ƏLƏSGƏR QIZI SADIQOVA
Məhluqə Sadıqova 1917-ci il aprelin 28-də Şuşa şəhərində anadan olmuşdur. Yaradıcılıq fəaliyyətinə 1936-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan görkəmli aktrisa ömrünün 60 ildən artıq bir dövrünü bu sənət ocağı ilə bağlamışdır. Azərbaycan teatr məktəbinə xas olan yüksək peşəkarlıq, böyük emosional təsir gücü, zamanın ruhunu gözəl əks etdirmək bacarığı onun yaradıcılığında öz parlaq ifadəsini tapmışdır. Aktrisa Azərbaycanın böyük sənətkarlar nəslinin yaradıcılıq ənənələrinə həmişə sadiq qalmışdır.
Doğma səhnədə, əsasən, lirik və xarakterik rolların yaddaqalan ifaçısı kimi tanınan görkəmli sənətkar yaratdığı dolğun və rəngarəng obrazlarla Azərbaycan teatr sənətinin inkişafına mühüm xidmətlər göstərmişdir. Məhluqə Sadıqovanın ifasında təbii və gözəl səhnə təcəssümünü tapdığı üçün tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan bu qadın obrazları böyük aktyor sənətinin qiymətli nümunələri olub, Azərbaycan milli teatr salnaməsinin unudulmaz səhifələrini təşkil edir.
Səhnəmizə Azərbaycan qadınının sadə və təmkinli danışığını, şirin ləhcəsini gətirən Məhluqə Sadıqova XX əsr milli mədəniyyətimiz tarixində məharətli bədii qiraət ustası kimi də yaxşı tanınmışdır. O, uzun illər Azərbaycan radiosunda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olmuş, özünün dərin təsir gücünə malik, emosional və bənzərsiz səsi sayəsində tükənməz xəzinə olan xalq yaradıcılığını Azərbaycan dinləyicisinə sevdirməsi ilə yaddaşlarda silinməz iz qoymuşdur.
Ali insani keyfiyyətləri özündə toplayan Məhluqə xanım Azərbaycan qadınının canlı təcəssümü kimi tamaşaçıların həmişə sevimlisi olmuş, öz sənətkar şəxsiyyəti ilə bir neçə nəslin yüksək milli-mənəvi dəyərlər ruhunda yetişməsində əhəmiyyətli rol oynamışdır.
Məhluqə Sadıqovanın milli teatr sənətimizin inkişafı sahəsində hədsiz sədaqətlə göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, respublikanın xalq artisti fəxri adına layiq görülmüş, orden və medallarla təltif edilmişdir.
Azərbaycan teatr səhnəsinin böyük ustası, qayğıkeş və səmimi insan Məhluqə Sadıqovanın işıqlı xatirəsi bütün sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Heydər Əliyev, Murtuz Ələsgərov,
İlham Əliyev, Ramiz Mehdiyev,
Artur Rasizadə, Elçin Əfəndiyev,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Polad Bülbüloğlu, Nizami Xudiyev,
Zəhra Quliyeva, Anar Rzayev,
Nəsibə Zeynalova, Zəroş Həmzəyeva,
Firəngiz Şərifova, Amalya Pənahova,
Şəfiqə Məmmədova, Əliabbas Qədirov,
Hacıbaba Bağırov, Azər Paşa Nemətov,
Lütfi Məmmədbəyov, Səyavuş Aslanov,
Həsən Məmmədov, Nizami Bəhmənov
Mərhumun cənazəsi vidalaşmaq üçün 2003-cü il avqustun 16-da saat 15-dən 17-yə kimi Azərbaycan Dövlət Milli Dram Teatrının binasında qoyulacaqdır (Füzuli meydanı, 1).