ELM VƏ TƏHSİL
MEK-in əməkdaşları Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə kitab bağışlayıblar


Bakı, 20 oktyabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) bir qrup əməkdaşı Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 nömrəli tam orta məktəbdə olub.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, məktəbin “Kitab Klubu”nda təşkil olunmuş tədbirdə direktor Kəmalə Babayeva təhsil müəssisəsində görülən işlər barədə məlumat verib. O, kitabxanaların bütün dünya, həmçinin ölkə tarixində önəmindən danışıb.
“Kitab Klubu”nun rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfa Fərəcova artıq bir ildir məktəblilərə xidmət göstərən klubun fəaliyyətindən danışıb. Şəfa Fərəcova klubda şagirdlərlə hər ay müxtəlif mövzuda kitabların müzakirəsini keçirdiklərini qeyd edib.
MEK-in icraçı direktoru dosent Şəhla Tahirqızı Mərkəzi Elmi Kitabxananın gördüyü işlər – oxuculara xidmət, buradakı keçirilən müxtəlif səpkili tədbirlər, seminarlar, eləcə də ölkədəki bir çox təhsil ocaqlarının buraya etdiyi ekskursiyalar haqqında iştirakçıları məlumatlandırıb, 262 nömrəli tam orta məktəblə bundan sonra da əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib.
MEK adından məktəbə Cəlil Məmmədquluzadənin, Mir Cəlalın, Abdulla Şaiqin seçilmiş əsərləri, “Oxu mədəniyyəti keçmişdən bu günə” (Knyaz Aslan), “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Pələng dərisi geymiş pəhləvan” (Şota Rustaveli), “Oliver Tvist” (Çarls Dikkens) və s. Azərbaycan və dünya ədəbiyyatına, mədəniyyətinə dair kitablar hədiyyə olunub.
Tədbirdə məktəbin 9-cu sinif şagirdi Aysun Əliyevanın kitabxanalar haqqında ümumi məlumatı dinlənilib, 7-ci sinif şagirdi Anarə Quliyeva isə Məhəmməd Füzulinin şeirini səsləndirib.