MEKSİKADA “AZƏRBAYCANIN DÜNYA BAZARLARINDA ƏHƏMİYYƏTİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Meksikanın nüfuzlu ali məktəbi Universidad del Valle de Mexiconun beynəlxalq münasibətlər fakültəsinin təşəbbüsü ilə burada “Azərbaycanın dünya bazarlarında əhəmiyyəti” mövzusunda konfrans təşkil olunmuşdur. Konfransda fakültənin 200-dən çox professor və tələbə heyətinin nümayəndələri iştirak edtmişlər. Azərbaycanın Meksikadakı diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili İlqar Muxtarov konfransda çıxış etmişdir. Diplomat demişdir ki, təbii və intellektual ehtiyatlarına, əlverişli coğrafi mövqeyinə görə Azərbaycan xarici sərmayəçilər üçün ən cəlbedici ölkələrdən birinə çevrilmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizinin işğal edilməsinə, bir milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Ölkə iqtisadiyyatında özəl sektor üstün yer tutur. Əsas biznes sahələri neft və qaz, inşaat, kənd təsərrüfatı, informasiya texnologiyaları və rabitə, nəqliyyat, habelə turizmdir.
Azərbaycan diplomatı bildirmişdir ki, ölkəmiz bir sıra iri regional iqtisadi layihələrin, o cümlədən TRASEKA, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum enerji layihələrində, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsində çox mühüm rol oynayaraq, bütün bölgənin iri iqtisadiyyatlarını biri-biri ilə uzlaşdırır.
İ.Muxtarov Azərbaycan-Meksika əlaqələrinə də toxunaraq demişdir ki, bu ölkə Latın Amerikasında lider olduğu və bütün bölgəyə əməkdaşlıq pəncərəsi açdığı üçün Azərbaycan Meksika ilə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır.
Konfransın gedişini AZƏRTAC-ın xüsusi müxbirinə şərh edən diplomat demişdir: “Hazırda Meksikada enerji ehtiyatları mövzusu günün ən aktual problemlərindəndir. Təsadüfi deyil ki, ölkənin ikinci ən böyük ali təhsil ocağı olan “Universidad del Valle de Mexico” Azərbaycanın dünya bazarlarında rolunu diqqət mərkəzinə gətirmişdir. Meksika ilə enerji sektoruna əməkdaşlıq təcrübə mübadiləsi baxımından maraqlıdır”.
######
