DÜNYA
Meksikada quldurlar bara hücum edərək 4 nəfəri öldürmüş, 5 nəfəri yaralamışlar
Bakı, 29 dekabr (AZƏRTAC). Meksikanın Verakrus ştatındakı Akayukan şəhərində naməlum şəxslərin bara hücumu nəticəsində dörd nəfər ölmüş, beş nəfər yaralanmışdır.
Bu barədə yerli hakimiyyət orqanları xəbər vermişdir.
Hadisənin şahidlərinin sözlərinə görə, quldurlar əyləncə müəssisəsinə soxularaq oradakılara atəş açmışlar. Yaralananlar arasında Akayukan şəhər sovetinin bu yaxınlarda seçilmiş və dekabrın 31-də öz vəzifəsinin icrasına başlaması nəzərdə tutulan üzvü də vardır.
Meksikada bara hücum nadir hadisə deyildir. 2013-cü ilin qışında və yazında ölkənin şimalında belə cinayətlər 40 nəfərdən çox adamın həyatına son qoymuşdur. Vəziyyət hakimiyyət orqanlarının nəzarətindən çıxmışdır, bəzi müəssisələrin sahibləri isə öz restoranlarını müvəqqəti olaraq bağlamağı üstün tutmuşlar.
Hüquq mühafizə orqanları istisna etmirlər ki, bu yolla mütəşəkkil cinayətkarlıq təsir dairələrini bölüşdürmüş, habelə əyləncə müəssisələrinin “xoşagəlməz” sahiblərindən qisas almışdır.