ELM VƏ TƏHSİL
Məktəbli qızların rəqəmsal bacarıqlar sahəsində karyera seçimi ilə bağlı təlimlər ilin sonunadək davam edəcək
Bakı, 17 sentyabr, AZƏRTAC
Qızların STEAM və rəqəmsal bacarıqlar layihəsi çərçivəsində sentyabrın 1-dən başlanan təlimlər dekabrın sonuna kimi davam edəcək.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Layihə Elm və Təhsil Nazirliyinin dəstəyi və Təhsil İnstitutunun əməkdaşlığı ilə UNICEF-in “Digital Skills for Girls” proqramı çərçivəsində, STEAM, İKT və XXI əsr bacarıqları üzrə fəaliyyətlər vasitəsilə Azərbaycanda qızların bacarıq və istedadlarını dəstəkləmək üçün həyata keçirilir.
Layihə regionlardakı STEAM mərkəzlərinin nəzdində reallaşdırılır. Bərdə, Lənkəran, Tovuz, Şirvan, Sabirabad olmaqla ölkənin 5 bölgəsində keçirilən təlimlərin əsas məqsədi məktəbli qızların STEAM təhsili və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə peşələrə yönəlməsi üçün əlverişli mühitin yaradılmasıdır.