Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində təlimlər davam etdirilir
Bakı, 25 yanvar, AZƏRTAC
Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən Dağlıq Şirvan zonası üzrə Şamaxı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində, Şəki-Zaqatala zonası üzrə Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən təlimlərə ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 80 nəfərdən çox müəllim cəlb olunub.
Təlimlər zamanı bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd məktəblilərdə yaradıcı təfəkkür və açıq düşüncə tərzi formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə bağlı məlumatlandırmaqdır. Təlim iştirakçılarına festival çərçivəsində keçiriləcək “Ekoloji yönümlü və enerji effektli məktəb” və məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri haqqında ətraflı məlumat verilib.
Növbəti təlimlər yanvar ayının sonlarında Aran və Gəncə-Qazax zonalarını əhatə edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin müəllimləri üçün təşkil olunacaq.