İQTİSADİYYAT
“Memar Əcəmi-2” stansiyasından “B-3” stansiyası istiqamətində ikinci tunel qazılacaqdır
Bakı, 13 avqust (AZƏRTAC). Bakı Metropolitenin “Memar Əcəmi-2” stansiyasından “B-3” stansiyası istiqamətində sol tunelin qazma işlərinə hazırlıq görülür.
Metropolitendən AZƏRTAC-a bildirmişlər ki, avqustun 9-dan 13-dək bu ərazidə sağ tunelin qazılması həyata keçirilmişdir. Eyni istiqamətdə hərəkət edən iki tunelqazma kompleksi arasında isə ən azı 80-100 metr məsafə olmalıdır. Bu səbəbdən, “Memar Əcəmi-2” metro stansiyasındakı tunelqazma kompleksi yaxın günlərdə Ceyhun Səlimov küçəsində yerləşən “B-3” stansiyası istiqamətində sol tunelin qazma işlərinə başlayacaqdır. Həmin tunelin uzunluğu 1300 metrdir.
“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” və “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının 2013-cü ildə istismara verilməsi planlaşdırılır. Tikinti başlandığı vaxtdan burada ən müasir tunelqazma avadanlığı tətbiq olunmuşdur. Bu da qazıntının sürətlə aparılmasına təkan vermişdir.