CƏMİYYƏT
Məntəqə sədri: Seçki prosesinin qanuna uyğun şəkildə başa çatmasını təmin etmək üçün bütün lazımi addımlar atılır
Bakı, 1 sentyabr, AZƏRTAC
Milli Məclisə növbədənkənar seçkilər zamanı Bakının 27 saylı Sabunçu seçki dairəsinin məntəqələrində səsvermənin ilk saatlarından etibarən xüsusi canlanma müşahidə olunur. Bu məntəqələrdə seçici fəallığı yüksəkdir və insanlar sərbəst şəkildə səsvermə prosesində iştirak edirlər.
27 saylı Sabunçu ikinci seçki dairəsinin 38 saylı seçki məntəqəsinin sədri Samiyə Abdulkərimova AZƏRTAC-a müsahibəsində seçki məntəqələrində yaradılmış şəraitin və təşkil olunmuş səsvermə prosesinin seçicilərin rahat və sərbəst şəkildə səs verməsinə imkan yaratdığını bildirib.
“Seçicilər demokratik bir mühitdə seçkilərdə iştirak edir və istədikləri namizədlərə səs verirlər. Məntəqələrdə səsvermə prosesi müşahidəçilərin nəzarəti altında həyata keçirilir, bu da seçkilərin şəffaflığını təmin etmək məqsədi daşıyır. Müxtəlif yaş qruplarından olan insanlar, o cümlədən gənclər və yaşlı seçicilər səsvermədə fəal iştirak edir və vətəndaş mövqelərini nümayiş etdirirlər. Bu canlanma, seçicilərin demokratik proseslərə olan marağını və vətəndaş cəmiyyətinin inkişafına verdikləri əhəmiyyəti göstərir. Seçkilərin bu cür fəallıqla keçməsi, demokratik cəmiyyətin formalaşmasında mühüm addımlardan biri kimi dəyərləndirilir və ölkənin gələcək inkişafı üçün əhəmiyyətli bir hadisə sayılır”,-deyə S.Abdulkərimova vurğulayıb.
Onun sözlərinə görə, məntəqə seçki komissiyasına qanun pozuntusu barədə heç bir məlumat, şikayət daxil olmayıb. Bu, məntəqələrdə səsvermənin tam qaydasında, sakit və təhlükəsiz şəraitdə keçirildiyini göstərir. Seçki prosesinin qanuna uyğun şəkildə başa çatmasını təmin etmək üçün bütün lazımi addımlar atılır.