Mərakeş 2040-cı ildə su qıtlığından ən çox əziyyət çəkən ölkələrdən biri olacaq

Rabat, 22 aprel, AZƏRTAC
Mərakeş 20 ildən də qısa müddət sonra ciddi su çatışmazlığı ilə üzləşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə sahibkarlara, maliyyəçilərə və dövlət məmurlarına kömək məqsədilə proqnozlaşdırma və məsləhət xidmətləri göstərən “Economist Intelligence Unit” təşkilatının hesabatında deyilir.
İqlim dəyişikliyi su ehtiyatlarının azalmasına ciddi təsir göstərir. Quraqlığa səbəb olan yağışın olmaması, bəndlərin quruması, urbanizasiya və tullantılar, xüsusilə məişət tullantıları və digər amillər səbəbindən suya artan tələbat ölkələri ciddi təhdid edir.
“Economist Intelligence Unit”in məlumatına görə, təbii quraq və ya yarı quraq iqlimlərlə malik olan Şimali Afrika və Yaxın Şərq bölgəsi su qıtlığından ciddi əziyyət çəkir və artıq iqlim dəyişikliyinin təsirlərinin ağır yükünü daşıyır. 2020-ci il Ətraf Mühit Təhlükələri Reyestrinə əsasən, Şimali Afrika regionu və bütövlükdə Aralıq dənizi hövzəsi yüksək və həddindən artıq su qıtlığına ən çox meyilli olan coğrafi ərazilərlə bağlı proqnozlarda yer alıb.
Əlcəzair nümunəsi göstərir ki, su qıtlığının təsiri artıq güclü şəkildə hiss olunur. Ölkə yalnız günün müəyyən vaxtlarında istifadə edilə bilən suyu rasionallaşdırmaq üçün hərəkətə keçib və Əlcəzairdə tez-tez gözlənilməz su kəsintiləri yaşanır.
Təşkilatın məlumatına görə, 2040-cı ilə qədər, yəni, 20 ildən də az müddətdə Mərakeş su qıtlığından ən çox təsirlənən bölgəyə çevriləcək. 2040-cı ildə Mərakeş su ehtiyatlarının 80 faizindən çoxunu istehlak edən son dərəcə yüksək risk zonası kimi təsnif ediləcək.
Əlcəzair, Tunis və Liviya Afrika qitəsində artıq bu təhlükədən əziyyət çəkən ölkələrdir. Eritreya, Cənubi Afrika, Botsvana və Namibiya kimi ölkələr yüksək” risk zonasındadır. Burada su istehlakının səviyyəsi resursların 40-80 faizini təşkil edir. Afrikanın digər ölkələrində risk səviyyəsi azdır və onların əksəriyyətində bu göstərici 10-19 faiz arasında qiymətləndirilir.
“Economist Intelligence Unit”in hesabatına görə, Mərakeşin 2040-cı ilə qədər gözlənilən ciddi su qıtlığı su təchizatı sisteminə təzyiq göstərən dayanılmaz urbanizasiya, əhalinin artımı, iqlim dəyişikliyi və iqtisadi inkişafın nəticəsidir.
Bu təhdid Şimali Afrika regionundan başqa Avropa üçün də istisna deyil. Yunanıstan, İspaniya və Belçika əhalinin bu ekoloji riskə ən çox məruz qaldığı dövlətlərdir. Həmin ölkələr su ehtiyatlarının 40-80 faizini istifadə edir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat