Mərkəzi Elmi Kitabxana beynəlxalq konfransda təmsil olunub
Bakı, 5 aprel, AZƏRTAC
Türkiyənin Antalya şəhərində “AnkosLink-2019” beynəlxalq konfransı keçirilib. Tədbirin təşkilatçısı olan Ankos Dərnəyinin məqsədi kitabxanalararası beynəlxalq informasiya mübadiləsini həyata keçirməkdir. Hər il 500-ə yaxın iştirakçısı olan konfransda müxtəlif ölkələrdən nümayəndələr iştirak edirlər. Builki beynəlxalq konfransda Türkiyə, Azərbaycan, Çin, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Macarıstan və digər ölkələrdən iştirakçılar qatılıb. Konfransda ölkəmizi AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) sərbəst elektron resurslar şöbəsinin əməkdaşları Sura Məmmədova və Gülarə Səbzəliyeva təmsil ediblər. MEK-dən AZƏRTAC-a bildirilib ki, onlar kitabxananın informasiya resurslarının tətbiqi fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıblar. S.Məmmədova 1,5 milyon sənəd fondu, 5 mindən çox oxucusu olan kitabxananın bir sıra ilklərə imza atdığını söyləyib. O, Azərbaycanın irsini, mədəniyyətini, tarixini, incəsənətini təsdiqləyən sənədləri bir arada toplayan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsindən danışıb. S.Məmmədova MRY vasitəsilə həm Azərbaycan, həm də dünya oxucularına ölkəmiz haqqında önəmli informasiyaların çatdırıldığını qeyd edib. MEK-də fəaliyyət göstərən sərbəst elektron resurslar şöbəsi haqqında məlumat verən S.Məmmədova bildirib ki, MEK Azərbaycandilli vikipediyanın zənginləşməsində çox mühüm rol oynayır. Qeyd edib ki, MEK-in yaratdığı “Vikipediya”nın işlək modeli və alqoritmi, “Vikipediya” Metodik Mərkəzi, Viki-könüllülər qrupu, Qorqud “Facebook” səhifəsi, “YouTube” kanalında Azərbaycan dilində viki-təlimlər, tərcümə edilmiş viki-qaydalar və başqa fəaliyyətlər ölkəmizdə səfərdə olan Berlin Humbolt Universitetinin professoru Klaudia Lyuks tərəfindən yüksək qiymətləndirilib. S.Məmmədova üç ildə görülən işlər nəticəsində Azərbaycan dilində olan “Vikipediya”nın 59-cu pillədən 48-ci pilləyə irəlilədiyini, istifadəçilərin əsasən akademik icma nümayəndələri tərəfindən formalaşdığını və sayının sürətlə artdığını bildirib.
Gülarə Səbzəliyeva kitabxananın proqramçıları tərəfindən tərtib olunmuş, kitabxana fəaliyyətinin bütün komponentlərini - oxucu, kitab, xidmət, qeydiyyat, maliyyə, personal və yazışmanı özündə birləşdirən “Vahid İdarəetmə Sistemi” proqram təminatı, UNESCO-nun mədəni irsin qorunması üzrə işçi qrupu tərəfindən qəbul edilmiş e-kataloq formatı, İstanbulda Kazım Qarabəkirin, Budapeştdə Georq Hazainin, Naxçıvanda Hüseyn Cavidin ev-muzeyləri ilə elektron sənəd mübadiləsi haqqında məlumat verib. G.Səbzəliyeva diplomatik korpuslardan hədiyyə edilən sənədlərdən ibarət Diplomatik fond, Türkiyənin Azərbaycandakı səfirliyinin verdiyi və fondda sərgilənən kitablar haqqında danışıb. O, MEK-in Azərbaycan dilində olan “Vikipediya”dakı fəaliyyətindən də söz açıb. Bildirib ki, komandanın üzvləri məqalələrin yaradılmasında həm dünya, həm də Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini təbliğ edən mövzulara, tarixi günlərə və hadisələrə üstünlük verirlər.