ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana ilə Özbəkistanın Elmi-Texniki İnformasiya Mərkəzi əməkdaşlıq edəcək
Bakı, 17 sentyabr, AZƏRTAC
Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru Abdulaziz Abduvaliyev və Geofizika və nanomineralogiya şöbəsinin müdiri İlxom Alimuxammed AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar kitabxananın sərgi salonu, 15 akademikin büstlərindən ibarət qalereya, Nadir kitablar və qiymətli nəşrlər fondu, eləcə də Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar. MEK-in baş direktoru professor Məmməd Əliyev qonaqlara kitabxananın fəaliyyəti və iş prinsipləri haqqında ətraflı məlumat verib.
Dəyirmi masa ətrafında davam edən görüşdə hər iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Məmməd Əliyev MEK-in Özbəkistanın Elmi-Texniki İnformasiya Mərkəzi ilə əməkdaşlığına böyük ümidlərlə yanaşdığını qeyd edib. O bildirib ki, istər mədəni, istərsə də elmi sahələrdə müxtəlif səpkili layihələrin həyata keçirilməsi hər iki ölkənin əlaqələrinin inkişafına töhfə verəcək. Vurğulanıb ki, Əlişir Nəvai adına Özbəkistan Respublikası Milli Kitabxanası ilə kitab, informasiya və təcrübə mübadilələrinin aparılması oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracaq. M.Əliyev Özbəkistan kitabxanaları ilə mübadilə və əməkdaşlıq məsələlərindən də söz açıb.
Özbəkistan İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru Abdulaziz Abduvaliyev MEK-də yaradılan şəraiti yüksək qiymətləndirib. O, həmçinin bugünkü görüşdə səmərəli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün möhkəm zəmin yarandığını qeyd edib.
Görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri dosent Esmira Əlirzayeva və Elmi təşkilat idarəsinin rəisi dosent Rüstəm Rüstəmov iştirak ediblər.