SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA AŞPA-NIN MONİTORİNQ KOMİTƏSİNİN AZƏRBAYCAN HƏMMƏRUZƏÇİLƏRİ İLƏ GÖRÜŞ
Fevralın 5-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşmüşlər. Bu barədə AZƏRTAC-a MSK-nın mətbuat xidmətindən məlumat vermişlər.
Mərkəzi Seçki Komissiyasının sədri MSK-nın beynəlxalq qurumlarla əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirmiş və Avropa Şurası ilə də münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Həmməruzəçilər MSK-nın qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı gördüyü işlərlə maraqlanmışlar.
M.Pənahov 2008-ci ildə prezident seçkilərinin ədalətli, şəfaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımların atılacağını və Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının tam təmin olunacağını bildirmişdir. O, qeyd etmişdir ki, prezident seçkilərinə hazırlıq çərçivəsində aşağı seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması, dairə və məntəqə seçki komissiyaları üzvlərinin və seçicilərin maarifləndirilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində mühüm işlər görülməkdədir. 125 dairədən 100-ü üçün ən azı 7-8 otaqdan ibarət yeni binalar tikilərək istifadəyə verilmidir. Daha bir neçə DSK üçün də yeni binalar tikilir və bəzilərinin binaları isə yüksək səviyyədə təmir olunmuş və əlavə otaqlar tikilmişdir. DSK-lar MSK tərəfindən yeni mebellə, müasir texniki avadanlıqla və s. lazımi vasitələrlə təchiz edilmişdir. Bundan əlavə, ölkəmizin Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyələrinin artırılması məqsədi ilə kurslar təşkil olunmuşdur. Ötən il DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisasartırma kursları keçirilmişdir. Hazırda isə məntəqə seçki komissiyalarının üzvləri üçün belə kurslar təşkil olunur. Aşağı seçki komissiyalarının maarifləndirilməsi çərçivəsində gələcəkdə də addımlar atılacaqdır. Eyni zamanda, seçicilərin maarifləndirilməsi ilə bağlı layihələr də gerçəkləşdiriləcəkdir.
MSK sədri seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı görülən işlərin üzərində xüsusi dayanmış və bildirmişdir ki, yanvar ayının əvvəllərindən seçicilərin daimi siyahısının dəqiqləşdirilməsinə başlanmışdır. Ölkə ictimaiyyəti bu proseslə bağlı məlumatlandırılmışdır. Seçici siyahılarının dəqiqləşdirilməsi üçün MSK-da “qaynar xətt” telefonu fəaliyyət göstərir, reklam çarxı hazırlanmış və mütəmadi olaraq ölkə telekanallarının efirlərində verilir.
Həmməruzəçilər səmimi görüşə görə Mərkəzi Seçki Komissiyasının sədrinə minnətdarlıq etmiş və seçki komissiyalarına gələcək işlərində uğurlar arzulamışlar.