MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, mayın 19-da ölkəmizdə səfərdə olan AŞPA monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüşmüşlər.
MSK sədri Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirmiş və AŞ monitorinq komitəsinin həmməruzəçiləri ilə görüşdən məmnun qaldığlını vurğulamışdır.
Həmməruzəçilər qarşıdan gələn prezident seçkilərinə hazırlıq çərçivəsində MSK tərəfindən görülən işlərlə maraqlanmışlar.
M.Pənahov bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarıının tam təmin olunması üçün Mərkəzi Seçki Komissiyası bütün qanuni addımları atacaqdır.
MSK sədri seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışaraq qeyd etmişdir ki, yanvar ayının əvvəllərindən başlanan proses mayın sonunadək yekunlaşacaqdır. Bu prosesə Mərkəzi Seçki Komissiyası başda olmaqla bütün aşağı seçki komissiyaları və yerli hakimiyyət orqanları cəlb edilmişlər. Bundan əlavə, MSK-nın rəhbərliyi mətbuat vasitəsilə ölkə ictimaiyyətinə müraciət edərək, bu məsələdə fəallıq göstərməyə çağırmışdır. Vətəndaşların öz adlarının seçicilər siyahısında olub-olmamasını yoxlaması üçün vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilmiş, Komissiyanın nəzdində qaynar xətt yaradılmışdır. Siyahıda adı olmayan seçicilər həm aşağı seçki komissiyalarına müraciət etməklə, həm də qaynar xətt vasitəsilə adlarını siyahıya daxil etdirmək imkanı qazanmışlar.
Səsvermə zamanı barmaqların mürəkkəblənməsi prosedurundan istifadə olunub-olunmayacağı ilə bağlı sualı cavablandıran Mərkəzi Seçki Komissiyasının sədri bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 25 oktyabr tarixili Sərəncamına uyğun olaraq həmin ilin parlament seçkilərində barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi proseduru həyata keçirilmiş və sonrakı seçkilərdə də bu praktikadan istifadə olunmuş və qarşıdan gələn seçkilərdə də həmin qayda tətbiq ediləcəkdir.
Görüşdən razı qaldıqlarını bildirən həmməruzəçilər Mərkəzi Seçki Komissiyasına gələcək işində uğurlar arzulamışlar.