SİYASƏT
Mərkəzi Seçki Komissiyasının sədri Rusiyanın aparıcı KİV-lərinin nümayəndələri üçün brifinq keçirib VİDEO

Bakı, 9 aprel, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 9-da Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirib.
AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov Azərbaycanda keçirilən seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənildiyini söyləyib. O deyib ki, ölkəmizdə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur. Yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin, o cümlədən digər aşkarlıq institutlarının azad və sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb. Seçkilərdə “exit-poll” keçirmək məqsədilə MSK-ya ünvanlanmış bütün müraciətlər müsbət qarşılanıb. Əksər seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Bu isə dünyanın istənilən yerində olan internet istifadəçilərinə hətta Azərbaycana gəlmədən, seçki məntəqəsində olmadan MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan seçki günü birbaşa onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə imkan yaradır. MSK başda olmaqla bütün seçki komissiyaları prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün tam hazırdır. Seçki günü Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə edə bilərlər.
MSK sədri, namizədlər üçün yaradılan şərait, həmçinin Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr barədə xarici jurnalistlərə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.