İDMAN
Məşqçi Elçin Zeynalov yetirməsinin uğuru ilə fəxr edir
Gəncə, 12 avqust (AZƏRTAC). XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının tərkibində çıxış edən və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycanın dövlət himnini səsləndirən Toğrul Əsgərovun qazandığı böyük qələbə bütün respublika ictimaiyyəti tərəfindən sevinclə qarşılansa da, bu qələbəyə ən çox sevinən onun məşqçisi Elçin Zeynalovdur.
Gəncədə, eləcə də respublikamızın idman ictimaiyyəti arasında böyük nüfuz sahibi olan Elçin Zeynalov AZƏRTAC-a müsahibəsində demişdir: “Məşqçi işlədiyin 40 il müddətində tələbələrim dəfələrlə müxtəlif mötəbər yarışlarda fəxri yerləri tutmuş, Vətənə çoxlu sayda medallar gətirmişlər. Ancaq Toğrulun bu uğuru məni daha çox sevindirir. Belə bir mötəbər və çətin yarışda adlı-sanlı idmançı üzərində qələbə qazanmaq çox çətin idi. Lakin Toğrul bunun öhdəsindən gəldi, özü də 5 xal fərqi ilə. Buna görə sevincimi bütün Azərbaycan xalqı ilə bölüşür, idmanın inkişafına, idmançılara göstərdiyi yüksək qayğı göstərən Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.