“Metafizika” jurnalı ERIH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil edilib

Bakı, 16 iyul, AZƏRTAC
“Metafizika” jurnalı ERIH PLUS (European Journal of Management Issues) beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxil edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan “Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı 2018-ci ildən nəşr edilir.
Bir sıra beynəlxalq elektron bazalara (“elibrary.ru”, “copernicus”, “academia.edu” və sair) daxil olan və altı dildə (Azərbaycan, rus, ingilis, türk, ərəb və fars) məqalələrin yer aldığı jurnalın redaksiya heyətində yerli ziyalılarımızla yanaşı, ABŞ, Vatikan, Türkiyə, Rusiya, İran, Əfqanıstan, Çin, Qazaxıstan, Misir, Gürcüstan, Polşa, Özbəkistan, Ukrayna alimləri təmsil olunurlar (baş redaktor fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ələddin Məlikovdur).
İldə dörd dəfə nəşr edilən jurnalda ictimai, humanitar və sosial elmlərin (fəlsəfə, sosiologiya, psixologiya, tarix, arxeologiya, antropologiya, filologiya, pedaqogika, hüquq, siyasi elmlər, iqtisadiyyat, memarlıq, sənətşünaslıq və sair) müxtəlif istiqamətləri üzrə “Orcid” indeksinə malik olan alimlərin və tələbələrin məqalələri dərc edilir. Məqalə və ya əlyazmalar “ikili rəy” metoduna, həmçinin xarici alimlərin rəylərinə əsasən dəyərləndirilir.
Jurnalın bu il nəşr edilən ikinci nömrəsində Cavanşir Yusiflinin “Ədəbi-filoloji hermenevtika bədii mətndə mənalarının interpretasiya texnikası kimi”, Zəfər Nəcəfovun “Hərbi münaqişələrə dair nəzəri baxışların təkamülü, Nərgiz Nağıyevanın “Beynəlxalq münasibətlər diskursunda postkolonializm”, Tərlan Seyfullayevin “İrəvanın hədis raviləri” və digər məqalələr dərc edilib.
Məqalələr jurnalın elektron səhifəsinə yüklənilib.