Mətbuat Şurasının sədri Ağcabədidə media nümayəndələri və yazarlarla görüşüb







Ağcabədi, 16 oktyabr, AZƏRTAC
Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Ağcabədidə media nümayəndələri və yazarlarla görüşüb
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bayraq Muzeyində keçirilən görüşdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ağcabədidə çıxan “Aran” qəzetinin redaktoru Məhsəti Musa Rəşad Məcidi Mətbuat Şurasına sədr seçilməsi münasibətilə təbrik edib, yazar və media işçiləri ilə keçirilən görüşün əhəmiyyətindən söz açıb.
Rəşad Məcid çıxışında bildirib ki, media nümayəndələri və yazarlarla Ağcabədidən başlayan görüşün digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulub. O, region mediasının dirçəldilməsi, həmçinin jurnalistlərin peşəkarlığının, media savadlılığının artırılması, bu mühitin şəffaflaşdırılması və s. fəaliyyətləri nizama salmaq, tənzimləmək məqsədilə oktyabrın 12-də Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumunun imzalanmasından bəhs edib. Medianın İnkişafı Agentliyi ilə birgə görüləcək işləri diqqətə çatdırıb. O da qeyd olunub ki, fəal sosial şəbəkə istifadəçilərinin ictimaiyyətə təsir gücünü nəzərə alaraq onlarla da görüşlər planlaşdırılıb.
Görüşdə, həmçinin Ağcabədidəki ədəbi mühitdən, buradakı gənc yazarlardan söz açılıb. AYB-nin üzvləri Zahid Eloğlu, Tahirə İsaqızı, Gündüz Sevindik, Xəzangül Qədimli, Ağcabədidə fəaliyyət göstərən “Ələk” ədəbi məclisinin üzvləri Günel Kərimova, Vəli Qurbanoğlu, “Aran” qəzetinin nəzdində fəaliyyət göstərən “Aran Ağcabədi” internet televiziyasının aparıcısı Pərvin Şakirqızı, aranqazeti.az saytının rəhbəri Orxan Kərimov, digər ziyalılar çıxış edərək mövzu ətrafında fikirlərini söyləyib, müəyyən təkliflər veriblər.
Sonda xatirə şəkilləri çəkilib.