ŞƏRH
Metyu Brayza: ABŞ istəyir ki, strateji əhəmiyyətli regionlar, o cümlədən Cənubi Qafqaz daha çox onunla əməkdaşlıq etsin ŞƏRH
Vaşinqton, 13 sentyabr, AZƏRTAC
Fikrimcə, hazırda Bayden administrasiyası Avropa İttifaqı ilə birlikdə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ordusunun ölkəsində olmasını və Ermənistanı müdafiə etməsini artıq istəməməsi ilə bağlı addımlarını alqışlayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza ABŞ-ın Ermənistanla münasibətləri və USAID-nin İrəvana yardımı iki dəfə artırması ilə bağlı açıqlamasında deyib.
O qeyd edib ki, Nikol Paşinyan Ermənistanın gələcəyinin Rusiyanın dominant olduğu Avrasiya iqtisadi zonasında deyil, Avropa və ABŞ-ın, Qərbin yanında olduğunu açıqlayıb. “Bu, Aİ ilə birlikdə ABŞ tərəfindən müsbət qarşılanıb. Çünki ABŞ istəyir ki, strateji əhəmiyyətə malik regionlar, o cümlədən Cənubi Qafqaz daha çox onunla əməkdaşlıq etsin. Bu, bizim marağımızdadır. Hər hansı bir ölkənin lideri bizimlə olduğunu desə və əsrlər boyu ölkəsində hökmranlıq edən Rusiyanın əleyhinə olduğunu bildirsə, bu, mühüm geosiyasi inkişafdır”,- deyə ekspert bildirib.
Metyu Brayza deyib ki, ABŞ və Fransada Ermənistanla həmişə yaxşı münasibətlər quran erməni diasporu da var və bu da İrəvan üçün siyasi əhəmiyyət kəsb edir. Ermənistan lideri böyük riskə gedərək köhnə Qarabağ klanında kök salmış bir çox biznes dairəsinə və siyasi elitaya qarşı çıxır. Bu, Ermənistanın Rusiyanın əvvəllər verdiyi bir çox iqtisadi və digər faydalardan məhrum olacağını deməyə əsas verir. Buna görə də Ermənistan ABŞ və Avropa İttifaqından daha çox yardım görür.
Metyu Brayza əlavə edib ki, Fransa və ya Brüsselin əksinə, ABŞ-da daha çox insan başa düşür ki, Azərbaycanın ötən ilin sentyabrında apardığı əməliyyat beynəlxalq hüquq çərçivəsində legitim idi və ərazi bütövlüyünü tam bərpa etməyə xidmət göstərirdi. Ekspertin sözlərinə görə, bu, separatçı siyasi rejimi ləğv etmək və Ermənistanı 2020-ci il 10 noyabr tarixli Bəyanat əsasında öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmək üçün idi. Sabiq səfir bildirib ki, hamıya məlum olduğu kimi, hətta Ermənistan qanuni şəkildə o zaman və indi daha açıq şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. “Beləliklə, mənim üçün nəticə odur ki, Vaşinqton öz nöqteyi-nəzərindən balanslaşdırılmış yanaşma sərgiləməyə çalışır. Yəni, indiki halda Ermənistan böyük strateji riskə gedir və Vaşinqton ona kömək etmək, İrəvanın bu riski qəbul etməsinə yardım göstərmək istəyir. Bununla yanaşı, Vaşinqton Azərbaycanla münasibətləri yaxşılaşdırır. Bu baxımdan Dövlət katibi Blinkenin Prezident İlham Əliyevlə telefon danışıqlarını qeyd etmək olar. Lakin Brüsseldə Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyinin olduğunu hiss etmirəm. Amma Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqına təbii qaz ixracını iki dəfə artıracaq. Sonra təbii ki, Avropa İttifaqı, şirkətlər bunun əvəzini ödəyəcək”, - deyə o əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton