“Mezzo” elmi-publisistik jurnalının növbəti nömrəsində...
Bakı, 26 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” elmi-publisistik informasiya jurnalının 21-ci nömrəsi işıq üzü görüb.
BMA-dan AZƏRTAC-a bildirilib ki, ənənəvi olaraq jurnalın bu nömrəsində də bir-birindən maraqlı məqalələr, xəbərlər əksini tapıb. Baş redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan “Mezzo”nun bu nömrəsində Əməkdar müəllim, professor Leyla Abasquliyeva, Xalq artisti, professor Ülviyyə Hacıbəyova, BMA-nın elmi işçiləri Sahilə Əzizova və Könül Əhmədova, BMA-nın informasiya texnologiyaları mütəxəssisi Röya Hüseynova və doktorantı Məhəmməd Vəliyevin məqalələri yer alır.
Bu nömrədə, həmçinin Bakı Musiqi Akademiyasında keçirilən konsertlər, tədbirlər, layihələr, konfranslar, ustad dərsləri haqqında məlumat verilir. Belə ki, Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbirlər “İnsan və mühit” İctimai Birliyinin ilk mədəni layihəsi çərçivəsində klassik konsert, 31 mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi seminar, Azad Əliyevin 90 illik yubileyi münasibətilə violinçuların I Beynəlxalq müsabiqəsi, “Bölünənlər” tamaşasının premyerası, Xalq artisti, professor Zəhra Quliyeva və onun tələbələrinin konserti, “Prometey Bakıda” adlı konsert, musiqişünas-alim Səadət Abdullayevin xatirəsinə həsr olunmuş tədbir, “Baku Chamber Orchestra”nın “Şnitke. Q.Qarayev. Şostakoviç” adlı müasir musiqi axşamı konserti, BMA-nın opera studiyasında P.İ.Çaykovskinin “Qaratoxmaq Qadın” operasının səhnələşdirilməsi və digər mövzularla bağlı məlumatları oxucular “Mezzo”nun bu nömrəsindən əldə edə biləcək.