“MİCROSOFT” “İNNOVASIYA GÜNÜ” MÖVZUSUNDA KONFRANS KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Microsoft” şirkəti mayın 29-da Bakıda “İnnovasiya günü” mövzusunda konfrans keçirmişdir.
Dövlət idarələrinin, özəl sektor nümayəndələrinin iştirak etdikləri tədbirdə müasir innovasiyaların və informasiya texnologiyalarının dövlət və cəmiyyətin inkişafında, ölkənin dinamik iqtisadi artımının və onun vətəndaşlarının rifahının təmin olunmasında əhəmiyyətli rolu müzakirə olunmuşdur.
Konfransda Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, “Microsoft”un Avropa üzrə direktoru Yan Mulfayt çıxış etmişlər.
“Microsoft”un gördüyü işlərdən danışan nazir, şirkətin rəhbəri Bil Qeytsin fəaliyyətini yüksək qiymətləndirmişdir. Nazir informasiya texnologiyalarının inkişafı və yayılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən söz açmış, müasir innovasiya təchizatçıları, ilk növbədə “Microsoft” şirkətinin fəaliyyətinin nəticələrindən danışmışdır.
Yan Mulfayt təmsil etdiyi şirkətin ünvanına söylədiyi xoş sözlərə görə nazirə minnətdarlığını bildirmiş və “Microsoft”un Azərbaycanda informasiya texnologiyalarının inkişafında maraqlı olduğunu bildirmişdir.
Şirkətin Azərbaycandakı planlarından çöz açan qonaq, həyata keçirilən layihələrin əhalinin informasiya texnologiyalarına çıxışının təşkil olunmasına və gələcəkdə “elektron hökumət” platformasının yaradılmasına yardım edəcəyini söyləmişdir.
Tədbirdə gündəlik həyatda yüksək texnologiyaların rolu, «elektron hökumətlərin» formalaşmasına innovasiyayönlü yanaşmalar, özəl müəssisələrdə informasiya texnologiyaları layihələrinin reallaşmasından qazanılan təcrübə və digər vacib məsələlər barədə məlumat verilmişdir.