Milli İncəsənət Muzeyində interaktiv panel müzakirə təşkil edilib



Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyinin və “UNICEF Azərbaycan”ın birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərgi çərçivəsində “İqlim dəyişikliyi: Uşaqların və gənclərin həyatına hansı imkanlar və çağırışlar gətirir?” adlı interaktiv panel müzakirəsi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki paneldə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens, Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqlim Dəyişmələri və Ozon Mərkəzinin baş mütəxəssisi Cəmilə Məmmədova, Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Rəfiyeva ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı təqdimatlarla çıxış ediblər.
Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən panel müzakirələri və interaktiv sessiyalar vaxtı uşaqlar və gənclər iqlim dəyişikliyinin onların həyatına necə təsir etdiyini təhlil etmək, gündəlik həyatlarında iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün mümkün tədbir haqqında ideyalar tapmaq şansı əldə ediblər. Bundan əlavə, layihə çərçivəsində iştirakçılar üçün qrup işləri təşkil olunub.
Oktyabrın 29-dək davam edəcək sərgi ailəvi olaraq maraqlı vaxt keçirmək və maariflənmək üçün gözəl imkan yaradır.
Sərgiyə giriş sərbəstdir.