MİLLİ MƏCLİS AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL DÖVLƏT BÜDCƏSİNƏ DƏYİŞİKLİKLƏR ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin mayın 2-də keçirilmiş iclasında əvvəlcə “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın milli maraqlarına, dinamik inkişafına, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycan qloballaşan dünyada inkişaf edən dövlət kimi ildən-ilə öz nüfuzunu artırır. İqtisadi qüdrətinin artması, qarşıya qoyulan vəzifələrin icrası və əldə edilmiş nailiyyətlərin miqyası baxımından 2007-ci il ölkəmizin müasir tarixinə daha bir uğurlu il kimi daxil olmuşdur. Ötən il iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi nəticəsində makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, regionların inkişafı, yeni iş yerlərinin açılması, yoxsulluğun səviyyəsinin azaldılması və digər sosial problemlərin həlli, ölkəmizin transmilli layihələrdə iştirakı əhəmiyyətli dərəcədə genişlənmişdir. Bütün bunlar ölkə iqtisadiyyatına xas olan müsbət meylləri gücləndirmiş, mövcud potensialın əhəmiyyətli dərəcədə artırılması üçün real zəmin yaratmışdır. Komissiya sədri onu da bildirmişdir ki, 2007-ci il dövlət büdcəsinin icrası qanunda nəzərdə tutulmuş bütün müddəalara cavab verir.
Daha sonra maliyyə naziri Samir Şərifov 2007-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabat vermişdir. Bildirilmişdir ki, hesabat Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icrası vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, ehtiyat fondlardan istifadə, bütün dövlət borcları, il ərzində götürülən borclar və verilən dövlət zəmanətləri, buraxılmış dövlət istiqrazları barədə məlumatlar da özünü əks etdirir.
2007-ci ildə ümumi daxili məhsulun real artım tempi 2006-cı illə müqayisədə 25 faiz artmaqla 25,2 milyard manata, onun adambaşına düşən həcmi isə 23,6 faiz artaraq 2981,0 manata (3474 ABŞ dollarına) çatmışdır. Ümumi daxili məhsulun dinamik artımında neft sektorunun payı böyük olsa da, ölkənin qeyri-neft sektorunda orta hesabla 11,3 faiz artım müşahidə olunmuşdur. 2007-ci ildə müxtəlif mülkiyyət formalarından olan müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6774,8 milyon manat (7877,7 milyon ABŞ dolları) və ya əvvəlki ildəkindən 17,8 faiz çox əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş ümumi sərmayələrin 49 faizi (3318,2 milyon manatı) qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da 2006-cı ilə nisbətən 28,8 faiz artım deməkdir.
Keçən il əhalinin rifahını səciyyələndirən göstəricilərdə də artım dinamikası müşahidə edilmişdir. 2006-cı illə müqayisədə əhalinin banklardakı əmanətləri 79,2 faiz, nominal pul gəlirləri 40,3 faiz artmış, adambaşına düşən pul gəlirləri 38,6 faiz artaraq 1690,0 manat (1965,5 ABŞ dolları) təşkil etmişdir. Ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 214 manat olmaqla, 2006-cı ilə nisbətən 42 faiz artmışdır.
Son illər Azərbaycanın maliyyə mövqeyinin möhkəmləndirilməsi istiqamətində aparılan işlər 2007-ci ildə də davam etdirilmişdir. 2003-cü illə müqayisədə icmal və dövlət büdcələri xərclərinin 5 dəfə artması ilə yanaşı, dövlətin məcmu valyuta ehtiyatlarının (Milli Bankın, Dövlət Neft Fondunun və Maliyyə Nazirliyinin valyuta vəsaitlərinin) davamlı artımı təmin edilmiş, onların məbləği 4,5 dəfə artaraq 7,2 milyard ABŞ dollarını üstələmişdir. Təkcə Dövlət Neft Fondunun vəsaitlərinin məbləği ötən il ərzində 1 milyard ABŞ dolları həcmində artmışdır. Bununla da ulu öndər Heydər Əliyevin Dövlət Neft Fondunu yaradarkən müəyyən etdiyi strateJi vəzifənin - neft gəlirlərinin nəsillərarası ədalətli bölgüsü, Azərbaycanın bugünkü və gələcək nəsillərinə xidmət etməsi vəzifəsinin əməli icrası təmin olunur.
Əhalinin sayının 4,5 faiz artması şəraitində 2007-ci ilin sonuna yoxsulluğun səviyyəsi 2003-cü ilə nisbətən 2,8 dəfə azalmışdır. 2003-cü ildə ölkə əhalisinin təxminən 45 faizi yoxsulluq şəraitində yaşayırdısa, hal-hazırda bu kateqoriyaya əhalinin yalnız 16 faizi aid olunur. 2007-ci ildə ölkədə 145 min yeni, o cümlədən 105 min daimi iş yeri açılmışdır. Bütövlükdə isə, 2003-cü ilin oktyabrından 2007-ci ilin sonunadək olan dövr ərzində 642 min yeni, o cümlədən 458 min daimi iş yerləri yaradılmışdır.
2007-ci ildə minimum aylıq əmək haqqının, əmək pensiyalarının baza hissəsinin məbləğləri 50 manata çatdırılmış, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, meliorasiya sahəsində çalışanların və dövlət qulluqçularının aylıq əmək haqqı orta hesabla 25 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan elmi-tədqiqat müəssisələrində çalışanların əmək haqqı 50 faiz, aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləği orta hesabla 50 faiz, məcburi köçkünlərə verilən aylıq müavinətin (çörək pulu) məbləği 50 faiz, hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və mülki işçilərin aylıq vəzifə (tarif) maaşları artırılmışdır.
Ötən il məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də vacib mərhələ olmuşdur. İl ərzində məcburi köçkünlərin yeni, hər cür sosial infrastruktura malik qəsəbələrə köçürülməsi məqsədlərinə 154 milyon manat vəsait sərf olunmuş, bütün çadır şəhərcikləri ləğv edilmişdir.
2007-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu 5770,9 milyon manata qarşı 6006,6 milyon manat və ya 104,1 faiz icra olunmuşdur ki, bu da 2006-cı illə müqayisədə 2137,8 milyon manat və ya 55,3 faiz çoxdur. Ümumi daxili məhsulda dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 2006-cı ilə nisbətən 3,2 faiz artaraq 23,8 faiz təşkil etmişdir. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorundan daxilolmalar 2006-cı illə müqayisədə 897,7 milyon manat və ya 55,7 faiz çox olmuşdur.
Neft sektoru üzrə dövlət büdcəsinə 2006-cı illə müqayisədə 1240,2 milyon manat və ya 54,9 faiz çox vəsait daxil olmuşdur.
Büdcə daxilolmalarının 75,1 faizi Vergilər Nazirliyi, 12,8 faizi Dövlət Gömrük Komitəsi vasitəsilə yığılmış, 1,4 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirlərindən, 9,7 faizi Dövlət Neft Fondundan, 1,0 faizi digər mənbələrdən daxil olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti istisna olmaqla, digər 8 iri vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə 196,1 milyon manat vəsait köçürülmüşdür ki, bu da 2006-cı illə müqayisədə 84,7 milyon manat və ya 76,0 faiz çoxdur.
2007-ci il dövlət büdcəsinin xərcləri 6314,9 milyon manat proqnoza qarşı 6086,2 milyon manat və ya 96,4 faiz icra edilsə də, bu göstərici 2006-cı illə müqayisədə 2296,1 milyon manat və ya 60,6 faiz çoxdur. Ümumi daxili məhsulda dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 2006-cı ilə nisbətən 3,9 faiz artaraq 24,1 faiz təşkil etmişdir. Xərclərin strukturuna görə 2007-ci ildə dövlət büdcəsi xərclərinin 3135,2 milyon manatı və ya 51,5 faizi cari xərclərə yönəldilmişdir ki, bu da 2006-cı illə müqayisədə 859,2 milyon manat və yaxud 37,8 faiz çoxdur. Əsaslı xərclərə dövlət büdcəsi xərclərinin 48,0 faizi və yaxud 2920,4 milyon manat yönəldilmişdir ki, bu da 2006-cı ilə nisbətən 1491,6 milyon manat və yaxud 104,4 faiz çoxdur. Dövlət borclarına xidmətlə bağlı xərclər üzrə ümumi xərclərin 0,5 faizi həcmində və yaxud 30,6 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2006-cı illə müqayisədə 54,7 milyon manat və yaxud 64,1 faiz azdır.
Hesabat ilində büdcə xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 8,5 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 1,7 faiz azalmış, əsaslı xərclərin xüsusi çəkisi isə 10,3 faiz artmışdır.
Sonra Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi qurumun büdcənin icrası ilə bağlı rəyini diqqətə çatdırmışdır.
Hesablama Palatasının rəyində 2007-ci il dövlət büdcəsinin icrasının qanunvericiliyə uyğun həyata keçirildiyi bildirilir.
Deputatlar 2007-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatı nəzərə almışlar.
Daha sonra “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə olunmuşdur.
Maliyyə naziri Samir Şərifov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycanın neft və qeyri-neft sektorlarında müsbət dəyişikliklər baş vermişdir. 2008-ci il dövlət büdcəsinin gəlirlərinin hesablanmasında bir barrel xam neftin ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülmüşdür. Hazırda dünyanın neft bazarlarında Azərbaycan neftinin bir barrelinin qiyməti 100 ABŞ dollarını ötmüşdür. Şübhəsiz ki, bu, icmal büdcənin tərkib hissəsi olan dövlət büdcəsinin və Dövlət Neft Fondunun 2008-ci il büdcəsində proqnozlaşdırıldığından daha çox gəlirlərin daxil olmasını şərtləndirir.
Nazir daha sonra bildirmişdir ki, ABŞ dollarının məzənnəsinin dünyanın əsas valyutaları ilə müqayisədə kəskin enməsi, dünya miqyasında ABŞ dolları ilə ifadə olunan mühüm xammal və materialların, maşın və avadanlığın, gündəlik tələbat mallarının, əsasən də ərzaq məhsullarının qiymətlərinin artmasına gətirib çıxarmışdır. Xüsusilə də ərzaq məhsullarının və gündəlik tələbat mallarının qiymətinin sürətlə artması narahatlıq doğurur. Bu malların bir qismi Azərbaycana idxal olunduğuna görə qiymət artımı inflyasiya meyillərinə də mənfi təsir göstərməkdədir. Bununla əlaqədar Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi barədə tapşırıqlar vermişdir. Dövlət başçısı ilk növbədə əhalinin inflyasiyadan qorunması üçün məqsədyönlü proqramların həyata keçirilməsini vacib hesab etmişdir.
Həmin iclasda Prezident İlham Əliyev tərəfindən dövlətin hərbi qüdrətinin gücləndirilməsinin və hərbi sənayenin inkişaf etdirilməsinin də vacibliyi vurğulanmışdır. Eyni zamanda, bir sıra dövlət layihələrinin maliyyələşdirilməsi üçün investisiya xərclərinin artırılması, qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkə Prezidenti tərəfindən prioritet vəzifələr sırasına daxil edilmişdir.
Nazir bildirmişdir ki, qeyd olunan səbəblər və real vəziyyətlə əlaqədar olaraq 2008-ci ilin dövlət və icmal büdcələrində dəqiqləşdirmə aparılması zərurəti yaranmışdır. Bu dəqiqləşdirmə ilk növbədə xərclərin artırılması məqsədi ilə həyata keçirilir. Yuxarıda qeyd olunanlar əsas götürülməklə 2008-ci ilin dövlət və icmal büdcələrində dəqiqləşdirmə aparılması ilə bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən müvafiq qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur.
Qanun layihəsində 2008-ci il dövlət büdcəsinin xərclərinin 2 milyard 542 milyon manat artırılaraq 11 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da 2008-ci ilin təsdiq olunmuş dövlət büdcəsinin xərclərinə nisbətən 29,8 faiz çoxdur. 2008-ci il dövlət büdcəsinin dəqiqləşməsi ilə bağlı nəzərdə tutulan xərclərin 983 milyon manatı və ya 38,1 faizi cari xərclərə, 1 milyard 542 milyon manatı və ya 60,7 faizi əsaslı xərclərə, 17 milyon manatı və ya 0,2 faizi dövlət borclarına xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.
Artımlardan sonra 2008-ci il dövlət büdcəsinin xərclərinin 51,9 faizini və ya 5 milyard 744 milyon manatını cari xərclər, 47,2 faizini və ya 5 milyard 216 milyon manatını əsaslı xərclər, 0,9 faizini və yaxud 101 milyon manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcəkdir. Bütövlükdə dövlət büdcəsinin tərkibində cari xərclər 4 faiz azalacaq, mütənasib olaraq əsaslı xərclər 4 faiz artırılacaqdır. Cari xərclərin artımı üçün nəzərdə tutulan 983 milyon manat vəsaitin 420 milyon manatı və yaxud 42,7 faizi əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ilk növbədə əməkhaqlarının, pensiyaların baza hissəsinin, bir sıra sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin tənzimlənməsi xərclərinə yönəldiləcəkdir. Ölkənin təhlükəsizliyinin, müdafiə potensialının, hərbi sənayesinin gücləndirilməsi məqsədi ilə müdafiə, hüquq-mühafizə və məhkəmə orqanlarının saxlanması xərclərinə əlavə xərclərin 16,2 faizi həcmində və ya 411 milyon manat yönəldiləcəkdir.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra mühüm və təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, ilk növbədə aqrar sektora dövlət dəstəyinin artırılması, meliorasiya və irriqasiya işlərinin sürətləndirilməsi, əsas ərzaq məhsulu olan taxıl ehtiyatının yaradılması ilə bağlı xüsusi anbarların tikilməsinə, xüsusi avadanlıqların alınmasına əlavə olaraq dəqiqləşdirilmiş dövlət büdcəsindən 156,6 milyon manat vəsait ayrılacaqdır.
2008-ci il dövlət büdcəsinin dəqiqləşməsi ilə sosialyönümlü tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri, bədən tərbiyəsi və idman tədbirləri xərclərinə əlavə xərclərin 11,6 faizi və ya 294 milyon manatı sərf ediləcəkdir. Bu vəsaitlər əsasən sözügedən sferalarda işləyənlərin əməkhaqlarının, fərdi təqaüdlərinin, dərman xərclərinin və digər zəruri xərclərin maliyyələşdirilməsinə təminat yaradacaqdır.
Nəqliyyat və rabitə, sənaye və tikinti, mənzil-kommunal, iqtisadi fəaliyyət, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərə əlavə xərclərin 10,4 faizi və ya 263,4 milyon manatı sərf ediləcəkdir.
Dövlət xidməti xərclərinə əlavə xərclərin 2 faizi və yaxud 50,4 milyon manatı ayrılır ki, bu da əsasən əməkhaqlarının və ona bərabər tutulan xərclərin tənzimlənməsinə, beynəlxalq təşkilatlarda üzvlük haqqı, dövlətin xarici borcları ilə bağlı xərclərin maliyyə təminatına sərf olunacaqdır.
S.Şərifov qeyd etmişdir ki, bu gün ən aktual məsələlərdən biri də dövlət başçısının ölkənin həyatı üçün vacib bir sıra infrastruktur layihələrin həyata keçirilməsinə, əsas tikinti materiallarının və avadanlıqlarının qiymətinin artımı ilə əlaqədar yaranmış problemlərin həllindən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etməkdir. Həmin məqsəd üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə artımın 59,2 faizi həcmində və ya 1 milyard 505 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Dəqiqləşmədən sonra dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu üzrə xərcləri 4 milyard 326 milyon manata çatmaqla onun büdcədə xüsusi çəkisi 6 faiz artaraq 39,1 faiz olacaqdır.
Sonra müzakirələr olmuş, deputatlar cari ilin dövlət büdcəsinə təklif olunan dəyişiklikləri müsbət qiymətləndirmiş və layihə səsə qoyularaq təsdiq olunmuşdur.
Axşam iclasında deputatlar “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” qanun layihəsini müzakirə etmişlər.
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli qanunun mahiyyəti barədə məlumat vermiş, 2008-ci ildə pensiyaların baza hissəsinin və müavinətlərin artırılması nəticəsində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dövlət büdcəsindən təqribən 34 milyon manat transfer tələb olunacağını demişdir.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov fondun builki büdcəsi barədə ətraflı məlumat vermişdir. O demişdir ki, ölkədə aparılan uğurlu iqtisadi inkişaf siyasəti əhalinin pul gəlirlərinin və orta aylıq əmək haqlarının artırılmasına səbəb olmuşdur. Nəticədə sosial-sığorta haqları da artmışdır ki, bu da fondun büdcəsinin gəlirlər hissəsinə müəyyən dəyişiklikləri nəzərdə tutur.
2008-ci ildə büdcə təşkilatlarında çalışan insanların əmək haqlarının artırıldığını da diqqətə çatdıran S.Müslümov qeyd etmişdir ki, qanun layihəsinə edilən dəyişikliklə 2008-ci ildə fondun məcburi sığorta haqları artaraq 101,9 milyon manat olacaqdır. Ümumilikdə isə, 2008-ci ildə fondun bu sahədə gəlirləri 1 milyard 19 milyon manat proqnozlaşdırılır. Büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə fondun gəlirləri 55 milyon 884 min manat, digər sığorta edənlər üzrə 542 milyon manat müəyyənləşdirilmişdir. Fondun xərclərinə gəldikdə isə bu vəsaitin əsasən əmək pensiyalarının baza və sığorta hissələrinin ödənilməsinə yönəldildiyi bildirilmişdir.
Səlim Müslümov onu da qeyd etmişdir ki, 2008-ci ildə əmək pensiyalarının baza hissəsi artıq bir dəfə artırılıb və ilin sonunadək bir dəfə də artırılması nəzərdə tutulmuşdur. 2008-ci ilin dövlət büdcəsində edilən dürüstləşmədən sonra Dövlət Sosial Müdafiə Fonduna transferin də həcmi artırılacaqdır.
Sonda bu qanun layihəsi də səs çoxluğu ilə qəbul edilmişdir.