MİLLİ MƏCLİS BƏZİ QANUNLARA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilmişdir.
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər barədə qanun layihəsini deputatların müzakirəsinə təqdim etmişdir. Bildirilmişdir ki, hər iki məcəlləyə bir sıra redaktə xarakterli dəyişikliklər təklif olunur, dövlət qulluqçularının və bələdiyyə üzvlərinin inzibati məsuliyyətə cəlb olunmasının səbəbləri genişləndirilir.
Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar və bələdiyyələrə dair bəzi qanunvericilik aktlarına təklif olunan dəyişikliklər və əlavələrin müzakirəsi zamanı bildirildi ki, dəyişikliklər bələdiyyə qulluqçularının və bələdiyyə üzvlərinin statusu, yerli özünüidarə orqanlarının maliyyəsinin əsasları, eləcə də bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı qanunları əhatə edir.
Təklif edilən dəyişikliklər məqbul sayılmışdır.
İclasda bəzi rayonların inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsinə dair layihələr də müzakirə olunmuşdur. Deputatlar Ağcabədi rayonunun Hindarx kəndinə qəsəbə statusunun verilməsinə, Füzuli rayonunun Horadiz qəsəbəsinə isə şəhər statusunun verilməsi ilə əlaqədar həmsərhəd kəndlərdən bu inzibati ərazi dairəsinə əlavə torpaq sahələrinin ayrılmasına, Şəki şəhərinin inzibati ərazi dairəsindəki Şıxoba kəndinin ölkəmizin ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılmasına, Qəbələ rayonunda beş yeni inzibati ərazi dairəsinin - Şəfili, Şamlı, Ovcullu, Zalam və Solquca kənd inzibati ərazi dairələrinin yaradılmasına razılıq vermişlər.
Sonra “Coğrafi obyektlərin adları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılmışdır. Bildirilmişdir ki, qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı səslənmiş rəy və təkliflərin əksəriyyəti işçi qrupu tərəfindən nəzərə alınmış və sənəd əsaslı surətdə təkmilləşmişdir.
Bu qanun ölkəmizdə coğrafi obyektlərə ad verilməsi, onların adlarının bərpası, dəyişdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması sahəsindəki fəaliyyətin hüquqi əsaslarını müəyyən edəcəkdir.
Axşam iclasında bu qanun layihəsinin müzakirəsi davam etdirilmişdir. Deputatlar tarixi yer adlarının qorunub saxlanması baxımından qanun layihəsini yüksək qiymətləndirmiş və o, ikinci oxunuşda səsə qoyularaq qəbul olunmuşdur.
İclasda “Təbii müalicə mənbələri və kurortlar haqqında” qanun layihəsi də birinci oxunuşda müzakirə edilmişdir. Bildirilmişdir ki, qanun bu sahədə dövlət siyasətinin prinsiplərini müəyyən edəcək, ölkə ərazisində təbii müalicə ehtiyatlarının və kurortların öyrənilməsi, istifadəsi, inkişafı, mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyəcəkdir.
Müzakirələr zamanı deputatlar ölkə ərazisindəki təbii müalicə ehtiyatlarının və kurortların öyrənilməsi, səmərəli istifadəsi, inkişafı və mühafizəsinin vacibliyini vurğulamışlar.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda əsas kimi qəbul olunmuşdur.