İQTİSADİYYAT
Milli Məclis sədrinin müavini: Azərbaycan Prezidentinin iqtisadi məsələlərlə bağlı müşavirədəki çıxışı perspektivləri görmək baxımından böyük əhəmiyyət daşıyır
Bakı, 27 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışı ölkəmizin indiyədək keçdiyi yolu, mövcud şəraiti və perspektivləri görmək baxımından böyük əhəmiyyət daşıyır. Hər şeydən əvvəl, dövlətimizin başçısı bildirdi ki, Azərbaycan iqtisadi sahədə böyük yol keçib və iqtisadi təhlükəsizliyini təmin edən dövlətdir.
Bu fikirləri Milli Məclis sədrinin müavini Musa Qasımlı sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin çıxışını AZƏRTAC-a şərh edərkən söyləyib.
M.Qasımlı qeyd edib ki, qeyri-neft sektorunda müsbət meyillərin olması, neft hasilatında sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişafa nail olunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanın daha da güclənməsinə, vətəndaşların rifah halının daha da yaxşılaşdırılması hədəfinə yönəlib.
Digər vacib məsələlərdən biri ölkəmizin iqtisadi inkişaf modelinin dünyada qəbul olunmasıdır. “Doing Business” hesabatında ölkəmizin sürətlə irəliləməsi, başqa ölkələrlə artan ticarət əlaqələri və ən əsası, təhlükəsiz ölkə kimi xarakterizə olunması nəticəsində Azərbaycana sərmayə qoymaq istəyənlərin sayı artır. Sərmayə ölkədə yalnız əlverişli mühit olanda qoyulur. Heç bir şirkət sabaha inamı olmayan başqa bir ölkəyə sərmayə qoymaz. Xarici şirkətlərin Azərbaycana sərmayə qoymaq istəyi Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizə etibar və gələcəyə inam ilə bağlıdır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlətimizin heç bir xarici ölkədən və beynəlxalq təşkilatdan yardım almadan, təkbaşına apardığı genişmiqyaslı abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi-maliyyə gücünü göstərir. Məcburi köçkünlərin 30 illik həsrətdən sonra yurd-yuvalarına dönmələri, onların mənzil, məşğulluq və s. şəraitinin ən yüksək səviyyədə təmin olunması Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirərək ən yüksək səviyyəyə çatdırdığı iqtisadiyyatımızın qüdrətinin təcəssümüdür.