Milli Məclis sədrinin müavini: Ulu Öndərin siyasi irsi bu gün də gənc nəsil üçün örnəkdir

Bakı, 23 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev zaman və məkan anlayışlarını aşan böyük bir siyasi şəxsiyyət idi. Onun siyasi irsi bu gün də gənc nəsil üçün örnəkdir və öyrənilməsi vacib olan məktəbdir. Azərbaycanın dövlət idarəçiliyində, xarici siyasətində və müdafiə sahəsində əsas qərarlar hər zaman mərkəzləşdirilmiş şəkildə verilib və bu yanaşma dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Musa Qasımlı mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən “Biz Heydər Əliyev məktəbini öyrənirik” adlı maarifləndirici tədbirdə çıxışı zamanı səsləndirib.
O əlavə edib ki, sovet dövründə belə xalqımızın milli kimliyini qorumaq və gələcək nəsillərə ötürmək üçün Heydər Əliyevin apardığı siyasət mühüm rol oynayıb: “Bu gün ölkənin istər dövlət, istərsə də özəl qurumlarında, eləcə də ictimai təşkilatlarda həyata keçirilən layihələr və fəaliyyətlər Ulu Öndərə olan hörmət və ehtiramın təzahürüdür. Bugünkü tədbir yalnız Azərbaycan daxilində deyil, həm də Türkiyə ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin davamıdır. Gənclərə müraciət edərək onları bu dəyərlərə sadiq qalmağa, Heydər Əliyev məktəbinin fəal davamçıları olmağa çağırıram. Ulu Öndərin irsi yalnız bir siyasi yol deyil, həm də azərbaycançılıq ideyasının canlı təcəssümüdür”.